Gündəm

2026-cı il yanvarın 19-da İsveçrə Konfederasiyasının Davos şəhərində “Dialoq Ruhu” devizi altında 56-cı Dünya İqtisadi Forumu başlayıb. Forumda hər il bir sıra mühüm qlobal problemlər, siyasi, geosiyasi və təhlükəsizliklə bağlı əhəmiyyətli məsələlər müzakirə olunur.
Qeyd edək ki, 1971-ci ildə isveçrəli biznesmen, professor Klaus Şvab tərəfindən təsis edilən və qərargahı Cenevrə şəhərində yerləşən Davos İqtisadi Forumu dünyada ən böyük beynəlxalq qeyri-hökumət təşkilatıdır. Qlobal vəziyyətin iqtisadi inkişaf və sosial tərəqqi məsələlərinin həllində dünya birliyinə kömək göstərmək yolu ilə yaxşılaşdırılması Dünya İqtisadi Forumunun başlıca məqsədi elan edilib. Buna görə də Davos İqtisadi Forumu qlobal inkişafın mühüm problemlərinin müzakirəsində, dünya birliyinin işgüzar, siyasi, intellektual liderləri arasında tərəfdaşlığın inkişafında önəmli rol oynayır.
Prezident İlham Əliyevin iştirak etdiyi Davos İqtisadi Forumunda indiyədək dünyanın aparıcı iş adamları ilə görüşüb, onlarda ölkəmizin iqtisadi imkanları barədə aydın, obyektiv təsəvvür yaradıb, Azərbaycanda həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrini dünyaya çatdırıb.Bütün bunların nəticəsində isə ölkəmizə investisiya qoyuluşu, yeni texnologiyaların gətirilməsi prosesi sürətlənib.
Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub. Bu əməkdaşlıq adıçəkilən forumun dünya ölkələrində vəziyyətin yaxşılaşdırılması ilə bağlı məqsədlərinə tam uyğun şəkildə reallaşıb. Son illər ərzində Azərbaycanda təhlükəsizliyin təmini və sabitliyin bərqərar olunması istiqamətində mühüm tədbirlər görülüb.
Dövlətimizin başçısı, Prezident İlham Əliyev Serbiyanın Prezidenti Aleksandar Vuçiç, Türkiyədən “Limak Holdinq”in İdarə Heyətinin sədri Ebru Özdəmir və Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyanla birlikdə yanvarın 20-də Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edib.
O, öz çıxışında bir sıra mühüm əhəmiyyət kəsb edən məsələlərə toxunaraq bildirib ki, keçən ilin avqustunda hər iki tərəf arasında sülh sazişi paraflandı. Bununla da 30 ildən artıq müddətdə baş verən qanlı qarşıdurmaya son qoyuldu ki, bu da tarixi nailiyyət hesab edilməlidir. Prezidentin bildirdiyi kimi: “Biz sülh şəraitində nəinki cəmi 5-6 aydır yaşayırıq və bu vəziyyətdən yararlanırıq, o cümlədən nə Ermənistan, nə Azərbaycan müstəqil ölkələr kimi heç zaman sülhdə yaşamayıblar. 1991-ci ildə müstəqil ölkəyə çevrildiyimiz zaman biz artıq hərbi toqquşmada idik. Lakin bu gün sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur. Olduqca mühüm neft məhsullarının birinci hissəsi Azərbaycandan Ermənistana göndərildi və bu, qiymətlərin aşağı düşməsinə imkan yaratdı”.
“Lakin mən çox nikbin baxıram, çünki əldə olunan nəticə, həqiqətən, Ermənistanın, Azərbaycanın və Cənubi Qafqazın xeyrinədir. O, vaxtilə çox dərin ədavəti olmuş ölkələrin əməkdaşlıq mərhələsinə gəlib çıxmasının nümunəsini özündə əks etdirir” – deyə ölkə başçısı bildirib.
Prezident İlham Əliyev öz çıxışında vurğulayıb ki, çox çətin və ağrılı keçən 30 il ərzində ədaləti, beynəlxalq hüququ və suverenliyimizi bərpa etməkdə cəsarətimizi itirmədik. Bu illər ərzində beynəlxalq təsisatların davranışı dəyişmədi və onlarla bağlı bütün ümidlər tam alt-üst oldu. BMT-nin Azərbaycanın işğal edilən ərazilərindən erməni qoşunlarının çıxarılmasını tələb edən dörd qətnamə kağız üzərində qaldı. “Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq” – deyə cənab Prezident bildirib.
2025-ci ilin avqustunda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri birgə bəyannamə imzaladılar və sülh sazişi dünyanın bir nömrəli ofisində ABŞ Prezidenti Trampın iştirakı ilə paraflandı.
Bu gün Azərbaycan Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Eyni zamanda, Çin ilə hərtərəfli strateji tərəfdaşlıq sazişinə malikik və ABŞ ilə Strateji tərəfdaşlıq nizamnaməsini müzakirə edilir. “Beləliklə, mən daha nikbinəm, xüsusilə də bizim Ermənistanla bağlı məsələmizdə. Otuz il davam etmiş müharibə və qan tökülməsindən sonra həqiqi sülhün bərqərar olması hər halda misilsiz bir hadisədir” – deyə ölkə başçısı qeyd edib.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası



Rəy yazın