Reklam

Yaddaş - dövlət və milli gücün təməlidir

Gündəm

 Günay Əfəndiyeva: Mədəni irs gələcək kimliyimizi müəyyənləşdirir

Bu günlərdə Çinin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda China Media Group tərəfindən xüsusi olaraq hazırlanmış və Azərbaycan dilinə tərcümə edilmiş “İrs Keşikçisi” sənədli filminin təqdimatı keçirilib. İlk dəfə olaraq Çinin ən böyük media korporasiyasının audiovizual layihələrindən birinin Azərbaycan dilində versiyası hazırlanıb.
 
İlk baxışdan söhbət mədəni və media həyatında baş verən bir hadisədən gedir. Bunun arxasında isə daha genişmiqyaslı prosesin izləri görünür: bu gün hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycanla Çin arasında humanitar əlaqələrin yeni mərhələsi formalaşır.
 
XXI əsrdə mədəni irs dövlət üçün nə deməkdir? Tarixi yaddaş uğrunda mübarizə niyə beynəlxalq siyasətin bir hissəsinə çevrilir? Diplomatiyanın bəzən illər tələb etdiyi məqamlarda mədəniyyət dövlətləri bir-birinə yaxınlaşdıra bilərmi? Qarabağ və Şərqi Zəngəzurun mədəni məkanının geri qaytarılması və dirçəldilməsinin bənzərsiz mərhələsini yaşayan Azərbaycan bu prosesdə hansı yeri tutur?
 
Bu və digər məsələləri barədə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva ilə müzakirə edirik.
 
– Təqdim olunan film “İrs Keşikçisi” adlanır. Tədbirdəki çıxışınızda məhz bu ada xüsusi diqqət yetirdiniz. “Keşikçi” anlayışı bu gün niyə belə böyük əhəmiyyət qazanır kəsb edir?
 
– Çünki irs öz-özünə qorunub saxlanmır. Hər bir memarlıq abidəsinin, əlyazmanın, musiqi ənənəsinin, milli sənətkarlıq nümunəsinin, dilin və tarixi yaddaşın arxasında insanlar, institutlar, dövlət siyasəti və ictimai məsuliyyət dayanır. İrsin müxtəlif zamanlar arasında körpü olduğunu dərk etmək olduqca əhəmiyyətlidir. O, bizə keçmişdən gəlib, bu gün bizimlə birlikdədir və bizdən sonra yaşayacaq insanlara ötürülməlidir. Buna görə də irsin keşikçisi, əslində, tarixi yaddaşın davamlılığının qorunmasına cavabdehdir. Bu əlaqə qırıldıqda cəmiyyət öz mədəni kodunun bir hissəsini itirməyə başlayır. Həmin əlaqə qorunduqda isə insanlar öz bəşəri mahiyyətini qoruyaraq irəli getmək imkanı qazanırlar. Məhz buna görə filmin təqdimatı çıxışımda qeyd etdim ki, mədəni irs bu gün kim olduğumuzu əks etdirir və gələcəkdə kim olacağımızı əsaslı şəkildə müəyyən edir.
– Belə çıxır ki, mədəniyyətin qorunması artıq milli təhlükəsizlik məsələsinə çevrilib?
– Müasir dünyada milli təhlükəsizlik anlayışı hərbi və ya iqtisadi komponentdən xeyli genişdir. Buraya tarixi yaddaş, mədəni kimlik, dil, dəyərlər sistemi və ictimai özünüdərk kimi amillər daxildir. Öz tarixini yaxşı bilən və mədəniyyətinin mənşəyini anlayan xalq informasiya, ideoloji və ya mədəni təzyiq cəhdlərinə qarşı daha dayanıqlı olur. Tarixi narrativlərin beynəlxalq rəqabət vasitələrindən birinə çevrildiyi son onilliklərdə bunu xüsusilə aydın gördük. Abidələr, toponimlər, arxivlər və mədəni sərvətlər ətrafında mübahisələr bəzən siyasi əhəmiyyət qazanır. Buna görə də milli irsin qorunması eyni zamanda xalqın tarixi subyektliyinin qorunması deməkdir.
– Bu cür yanaşmaya mədəniyyətlə bərabər, həm də dövlətçilik baxımından yanaşsaq, strateji təmkin, ardıcıllıq və həlledici qərarlar üçün doğru zamanı seçmək bacarığı Azərbaycanın xarici siyasətində hansı rol oynayıb?
– Prezident İlham Əliyevin siyasi kursunun səciyyəvi xüsusiyyətlərindən biri də strateji hədəfi görmək, ona çatmaq üçün ardıcıl şəkildə şərait yaratmaq və ən əlverişli məqam yetişəndə hərəkət etmək bacarığıdır. Hələ 2020-ci ildə Prezident bunu son dərəcə aydın ifadə etmişdi: “Nəyi nə vaxt, necə etmək lazımdır, bunu mən bilirəm”. Bununla da belə yanaşmanın həm siyasi, həm də diplomatik müstəvidə dəfələrlə özünü göstərdiyini vurğulamışdı. Eyni zamanda, o, başqalarının gündəliyinə uyğunlaşmayan, əksinə, öz gündəliyini formalaşdıran fəal və təşəbbüskar diplomatiyanın vacibliyini daim vurğulayırdı. Burada diplomatik amil xüsusi əhəmiyyət daşıyır. Azərbaycan uzun illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüquqi mövqelərini məqsədyönlü şəkildə möhkəmləndirib, öz arqumentlərini dünya ictimaiyyətinə çatdırıb, tərəfdaşlarının dairəsini genişləndirib, eyni zamanda dövlətin iqtisadi və siyasi potensialını artırıb. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra rəsmi Bakı özü sülh müqaviləsi təşəbbüsü ilə çıxış etdi, beş baza prinsipi təklif etdi və sonrakı danışıqlar prosesinin arxitekturasını faktiki olaraq müəyyənləşdirdi. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaları və Azərbaycanla Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasını bu çoxillik xəttin mühüm nəticəsi kimi qiymətləndirmək olar: Strateji təmkin təşəbbüskar diplomatiya ilə tamamlandı, nəticə isə beynəlxalq hüquqi və siyasi müstəvidə təsbit olundu.
Müasir Azərbaycan diplomatiyasının xüsusiyyətlərindən biri də məhz budur: hadisələrin arxasınca getmək əvəzinə, imkan daxilində onların məntiqini formalaşdırmaq; tarixi tələsdirməmək, lakin fürsət pəncərəsi açılanda həmin məqama hazır olmaq. Düşünürəm ki, son illərin hadisələri bu yanaşmanın nə qədər doğru və vacib olduğunu aydın şəkildə göstərdi. Mədəni diplomatiya da istisna deyil.
 
– Qarabağ və Şərqi Zəngəzurla bağlı bu mövzu bu gün Azərbaycan üçün xüsusi məna daşıyır. Azad edilmiş ərazilərdə baş verənləri müasir Azərbaycanın ən böyük mədəni layihələrindən biri adlandırmaq olarmı?
 
– Bu gün Qarabağda və Şərqi Zəngəzurda tarixi və mədəni həyatın geri qayıdışı ilə bağlı genişmiqyaslı prosesin şahidiyik. Əlbəttə ki, burada söhbət abidələrin, məscidlərin, tarixi binaların, muzeylərin, mədəniyyət müəssisələrinin və şəhər mühitinin bərpasından gedir. Baş verənlərin əhəmiyyəti isə daha dərindir. Bu torpaqların mədəni ab-havası geri qayıdır. Şuşada yenidən musiqi səslənir. Ənənələr dirçəlir. Festivallar, beynəlxalq mədəni tədbirlər keçirilir, muzeylər və yaradıcılıq məkanları açılır. Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərərək regionun yeni təhsil və intellektual mərkəzini formalaşdırır. Qarabağın və Şərqi Zəngəzurun digər şəhərlərində qardaş türk ölkələrinin azad edilmiş ərazilərin dirçəldilməsinə töhfəsini simvolizə edən mənəvi və mədəni-maarif mərkəzləri yaradılır. Füzuli, Zəngilan və Laçın Qarabağı dünyaya bağlayan səma qapılarına çevrilib, yəni bütün bu şəhərlər mədəniyyətlərarası və regionlararası platformalara çevrilir. İnsanlar doğma evlərinə qayıdırlar. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə milli-mədəni irsin qorunması və bərpası dövlət siyasətinin prioritet istiqamətlərindən biridir, Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni məkanının dirçəldilməsi isə bu siyasətin ən mühüm tərkib hissəsinə çevrilib. Məncə, burada çox mühüm proses gedir: bu ərazilər ölkənin təkcə inzibati və iqtisadi məkanına qayıtmaqla yanaşı, ölkənin mədəni məkanına yenidən inteqrasiya olunur.
 
– Bəs dağıdılmış abidəni bərpa edib ilkin görkəminə qaytarmaq mümkündürmü? Tutaq ki, daşı bərpa etmək olar, bəs yaddaşı?
 
– Bu, bəlkə də ən çətin suallardan biridir. Binanın bərpası memarların, tarixçilərin, arxeoloqların və sənətşünasların üzərinə düşən peşəkar vəzifədir. Mədəni yaddaşın bərpası isə daha çox vaxt və bütün cəmiyyətin iştirakını tələb edir. Yaddaş insanlar vasitəsilə yaşayır. Məhz əcdadları əsrlər boyu Şuşada yaşamış ailə şəhərə qayıtdığı, uşaq valideynlərinin doğma şəhərini ilk dəfə gördüyü, “Xarıbülbül” festivalı yenidən keçirildiyi, muğam səsləndirildiyi, məktəblər və mədəniyyət mərkəzləri açıldığı zaman bu məkan canlanmağa başlayır. Buna görə də əsl dirçəliş oraya həyat qayıdanda, nəfəs duyulanda, abidə yenidən insan həyatının bir hissəsinə çevriləndə başlayır. Divarları qüsursuz şəkildə bərpa etmək olar. Mədəniyyət isə həmin divarların arasında insan hekayəsi yenidən yarandıqda meydana çıxır.
 
– Filmin təqdimatındakı çıxışınızda Heydər Əliyev Fondunun fəaliyyətindən də danışdınız. Azərbaycanın mədəniyyət siyasəti ölkə hüdudlarından kənarda nə dərəcədə geniş əhatə dairəsinə malikdir?
 
– Azərbaycan uzun illərdir belə bir prinsipə əsaslanır ki, öz irsinə hörmət təbii olaraq digər xalqların irsinə də hörmətlə müşayiət olunmalıdır. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu böyük işlər görür. Fondun mədəniyyət və bərpa layihələrinin coğrafiyası Azərbaycanın hüdudlarını aşaraq, müxtəlif ölkələri və sivilizasiya məkanlarını əhatə edir.
 
Baxın, Fondun dəstəyi ilə Fransanın Versal sarayında və Strasburq Kafedralında nə qədər müxtəlif bərpa işləri aparılıb, Luvrda layihələr həyata keçirilib, Vatikan və Romada erkən xristian katakombaları və abidələri, Bolqarıstandakı “Trapezitsa” Memarlıq-Muzey Qoruğu bərpa olunub. Fond mədəni təşəbbüslərlə yanaşı, müxtəlif ölkələrdə, o cümlədən Pakistanda təhsil, səhiyyə və xeyriyyə layihələri həyata keçirib. İslam mədəni ənənələrinə malik ölkə olan Azərbaycanın xristian ziyarətgahlarının və dünya sivilizasiyası abidələrinin qorunmasında iştirakı xüsusilə rəmzi məna daşıyır. Mədəni diplomatiyamızın mühüm xüsusiyyəti də məhz bunda özünü göstərir: öz kimliyimizi qorumaqla bərabər, dünya xalqları mədəniyyətlərinin müxtəlifliyinə hörmətlə yanaşırıq. Sözügedən siyasət Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirir, etimad mühiti yaradır və mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoqa töhfə verən etibarlı tərəfdaş kimi rolunu təsdiqləyir.
- Dövrümüzdə “yumşaq güc” anlayışı tez-tez gündəmə gətirilir. Mədəniyyətə bu prizmadan yanaşmaq onu siyasi təsir vasitəsinə çevirmirmi?
– Mən bu məsələdə fərqlilik yaradan cizgiləri dəqiq müəyyənləşdirmək istəyərdim. Mədəniyyətdən yalnız siyasi təsir aləti kimi istifadə edildikdə o, səmimiyyətini tez itirir. İnsanlar bunu hiss edirlər. Əsl mədəni diplomatiya başqa cür qurulur. Onun əsasında maraq, hörmət, qarşı tərəfi anlamaq istəyi, çeviklik və həssaslıq dayanmalıdır. Azərbaycanlı tamaşaçı Çin sivilizasiyası, Çin fəlsəfəsi, incəsənəti və ya ənənələri haqqında daha çox məlumat əldə edirsə, çinli tamaşaçı isə Nizamini, muğamı, Şuşanı, Azərbaycan xalçasını, ədəbiyyatımızı və tariximizi özü üçün kəşf edirsə, qarşılıqlı tanıma məkanı yaranır. Bir-birini tanıdıqca isə etimad doğur. Məhz buna görə humanitar əlaqələr əksər hallarda bir çox siyasi konstruksiyadan daha dayanıqlı təməl yaradır.
 
– China Media Group-un layihəsi ilk dəfə birbaşa Azərbaycan dilinə tərcümə olunub. Burada dil nə dərəcədə prinsipial əhəmiyyət daşıyır? Axı filmi rus və ya ingilis dilində altyazılarla da göstərmək olardı.
 
– Dil çox böyük əhəmiyyət daşıyır. Başqa bir mədəniyyət insana onun ana dilində təqdim olunanda tamam fərqli qəbul edilir. Bu, auditoriyaya, onun mədəni məkanına və milli kimliyinə hörmətin ifadəsidir. Buna görə “İrs Keşikçisi” filminin Azərbaycan dilində versiyasının hazırlanmasını humanitar əlaqələrimizin yeni mərhələsinin mühüm rəmzi kimi qiymətləndirirəm. Müasir Çinin inkişafını minilliklər boyu davam edən sivilizasiya varisliyinin qorunması, mədəni özünəinam, açıqlıq və sivilizasiyaların qarşılıqlı zənginləşməsi ilə əlaqələndirən Çin Xalq Respublikasının Sədri Si Cinpinin yanaşması da xüsusi diqqətə layiqdir. Onun konsepsiyasında mədəni irs tarixi ənənəni modernləşmə və innovasiyalarla birləşdirə bilən canlı inkişaf resursu kimi qəbul olunur. Qlobal Sivilizasiya Təşəbbüsünü irəli sürən Si Cinpin mədəniyyətlərin müxtəlifliyinə hörmətə, bərabərhüquqlu dialoqa və xalqların bir-birindən öyrənməsinə xüsusi diqqət çəkib.
 
Bu kontekstdə CMG-nin Azərbaycan dilinə tərcümə olunan ilk audiovizual layihəsi daha dərin məna kəsb edir. Bu, ölkələrimiz arasında qarşılıqlı marağın artdığının göstəricisidir.
 
– Bu gün Çin ilk növbədə iqtisadi sıçrayış, texnologiyalar, süni intellekt və qlobal ticarətlə əlaqələndirilir. Belə sürətli modernləşmə şəraitində Pekin qədim mədəniyyətə niyə bu qədər böyük diqqət ayırır?
 
– Bilirsiniz, uğurlu modernləşmə heç də tarixi köklərdən imtina etməyi nəzərdə tutmur. Əksinə, davamlı inkişaf müasirliklə sivilizasiya kimliyinin vəhdətindən yaranır. Çin yüksək texnologiyaları, qlobal iqtisadiyyatı və infrastruktur inkişafını minilliklərə söykənən tarixə diqqətlə uzlaşdırmağın maraqlı nümunəsini təqdim edir. Belə yanaşma Azərbaycan üçün də anlaşılandır və bizə yaxındır. Biz də müasir dövlətik, texnologiyaları, infrastrukturu, beynəlxalq nəqliyyat marşrutlarını və yeni şəhərləri fəal şəkildə inkişaf etdiririk. Eyni zamanda, tarixi yaddaş, ədəbiyyat, musiqi, memarlıq və milli ənənələr bizim üçün fundamental əhəmiyyət daşıyır. Müasirliklə ənənə heç bir halda ziddiyyət təşkil etməməlidir. Onların harmoniyası ciddi inkişaf resursuna çevrilə bilər. Üstəlik, bizim çoxlu ortaq cəhətlərimiz var.
 
 
– Nizami Gəncəvinin adını çəkdiniz. Onun “Yeddi gözəl” poeması Azərbaycanla Çin arasında özünəməxsus mədəni körpüdür. Sizcə bu tarixi parallel müasir dövr üçün niyə bu qədər əhəmiyyətlidir?
 
– Dahi Nizaminin “Yeddi gözəl” poeması yalnız Azərbaycanla Çin arasında təkcə körpü rolunu oynamır. O, həm də Avrasiyanı birləşdirməyə qadir olan bir mənəvi bağdır. Bu, Azərbaycanın bütün dünya ilə əlaqələrinin nə qədər dərin olduğunu göstərir. Böyük İpək Yolu malların daşındığı marşrut idi, lakin karvanlarla birlikdə ideyalar, biliklər, bədii obrazlar, musiqi, fəlsəfə və dillər də daşınır və yayılırdı. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında Çin mədəniyyət xətti yer alır. Hələ XII əsrdə dahi Azərbaycan şairi Çini böyük intellektual və sivilizasiya dünyasının bir hissəsi kimi qəbul edirdi. Bu, Avrasiyanın mədəni əlaqələrinin nə qədər dərin olduğunun heyrətamiz nümunəsidir. Bu gün nəqliyyat dəhlizləri Şərqlə Qərbi yenidən birləşdirir. Bu marşrutlarla yalnız konteynerlər daşınarsa, onların potensialının cəmi bir hissəsindən istifadə etmiş olarıq. Müasir İpək Yolu ilə kitablar, filmlər, ideyalar, tələbələr, rəssamlar, musiqiçilər və tədqiqatçılar da səyahət etməlidirlər. O zaman infrastruktur bağlılığı sivilizasiya bağlılığına çevriləcək.
 
– Belə çıxır ki, Orta Dəhliz sizin üçün həm iqtisadi, həm də mədəni marşrutdur?!
– Orta Dəhliz haqqında daha çox iqtisadiyyatın dili ilə danışılır. Bir qayda olaraq, nəqliyyatdan, logistikadan, çatdırılma müddətlərindən, dəmir yollarından, limanlardan və yük axınlarından söz açılır. İstənilən böyük kommunikasiya arteriyası isə zamanla humanitar coğrafiya da yaradır. Tarixi İpək Yolu nəhəng mədəni mübadilə zonası formalaşdırmışdı. Müasir nəqliyyat marşrutları XXI əsrin şərtləri daxilində analoji təkanlara səbəb ola bilər. Azərbaycan burada coğrafi, tarixi və mədəni baxımdan unikal mövqeyə malikdir. Bu nöqteyi-nəzərdən biz Mərkəzi Asiya, Çin, Qafqaz, Türkiyə və Avropanı həm yalnız logistika deyil, həm də humanitar baxımdan görüş məkanına çevrilə bilərik. Məncə, perspektivdə məhz mədəni məzmun iqtisadi əlaqələri xeyli dayanıqlı edə bilər.
 
- Azərbaycan-Çin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi elan olunub.  Bu səviyyədə tərəfdaşlıq münasibətlərində mədəniyyət çox vaxt siyasət və iqtisadiyyatın kölgəsində qalır. Sizcə, bu ənənəvi yanaşma indi dəyişə bilərmi?
 
– Məncə, artıq dəyişir. İqtisadiyyat dövlətlərin maraqlarını əlaqələndirir. Siyasət qarşılıqlı fəaliyyət mexanizmləri yaradır. Mədəniyyət isə cəmiyyətləri birləşdirir. Üçüncü element olmadan strateji tərəfdaşlıq əsasən institusional səviyyədə qala bilər. Münasibətlər əsl mənada dərinləşir. Məhz buna görə Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasındakı mövcud siyasi etimad səviyyəsi ölkələrimiz arasında münasibətlərin humanitar ölçüsünün genişləndirilməsi üçün çox ciddi imkanlar yaradır. “İrs Keşikçisi” filminin təqdimatında çıxış edənləri diqqətlə dinləsəniz, onların ikitərəfli əlaqələrin artıq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdığını, mədəniyyət, təhsil, media, elm, turizm və digər sahələrdə əməkdaşlığın genişlənməsi ilə müşayiət olunduğunu vurğuladıqlarını görərsiniz.
 
– Azərbaycanla Çinin hansı birgə layihələrini daha perspektivli hesab edirsiniz?
 
– İmkanlar çoxdur. Birgə sənədli filmlərin hazırlanmasında böyük potensial görürəm. Məsələn, Azərbaycan keramikası ilə Çin çinisinin, şəbəkə ilə Çin naxış sənətinin ortaq cəhətlərini göstərmək, Çin Yeni ili ilə Novruz arasında paralellər aparmaq, kəlağayı hazırlama ənənələri ilə Çinin ipək toxuculuğu sənətini müqayisə etmək və digər paralelləri üzə çıxarmaq olar. Axı bunların hamısı Böyük İpək Yolunun qarşılıqlı təsirinin nəticəsidir.
 
Ədəbiyyatın tərcüməsi sahəsində də böyük potensial var. Azərbaycanlı oxucu Çin ədəbiyyatı və folkloru ilə, çinli oxucu isə Azərbaycan klassikası və müasir müəlliflərlə tanış olmaq imkanı qazanmalıdır. Gənclər mübadiləsi də çox vacibdir. Əgər münasibətləri gələcək onilliklər üçün qurmaq istəyiriksə, Çin və Azərbaycan gəncləri bir-birini tanımalı, bir-birinin dilini öyrənməlidirlər.
 
– Hazırda süni intellekt bir neçə saniyə ərzində təsvirlər, musiqi və mətnlər yarada, itirilmiş obyektləri bərpa edə bilir. Bu halda belə bir ziddiyyət yaranmazmı: texnologiyalar bir tərəfdən irsin qorunmasına kömək edəcək, digər tərəfdən isə onun orijinallığı barədə təsəvvürləri zəiflədəcək?
– Bu, qarşıdakı illərin ən mühüm məsələlərindən biridir. Texnologiyalar mədəniyyət üçün çox böyük imkanlar yaradır. Süni intellekt tədqiqatçılara, bərpaçılara, arxivçilərə, tərcüməçilərə və muzey mütəxəssislərinə kömək edə bilər. Texnoloji rekonstruksiya isə heç vaxt tarixi həqiqəti əvəz etməməlidir. Biz orijinal, elmi bərpa və rəqəmsal interpretasiya arasındakı fərqi aydın şəkildə anlamalıyıq. Süni intellekt dövründə orijinallığın dəyəri, bəlkə də, daha da artacaq. Keçmişin süni surətini yaratmaq nə qədər asanlaşırsa, orijinalın harada olduğunu, onun tarixini və mənşəyini hansı elmi məlumatların təsdiqlədiyini bilmək bir o qədər vacib olacaq.
Buna görə də mədəni irsin gələcəyi humanitar sahə mütəxəssisləri ilə texnoloqların çox sıx əməkdaşlığını tələb edəcək.
 
– Sonuncu sual: Sizin fikrinizcə, bu gün əsl “İrs Keşikçisi” kimdir?
 
– Məncə, irs keçikçisi özündən əvvəl yaradılanların dəyərini anlayan və onları gələcək nəsillərə çatdırmaq məsuliyyətini hiss edən hər bir insandır. 
 Əbülfəz BABAZADƏ
Tərcümə etdi Hacı Cavadov

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.