Reklam

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib

Gündəm

 Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino mərasimi izləyiblər.

Əvvəlcə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri FIFA prezidenti Canni İnfantino və digər qonaqlar ilə görüşüblər.

Canni İnfantino dövlətimizin başçısına xatirə hədiyyələri təqdim edib.

Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra FIFA U-15 dünya çempionatına və festivalına həsr edilən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifov 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının açılış mərasiminə qatılan qonaqları salamlayaraq Azərbaycanın 189 ölkənin milli komandasını bir araya gətirən bu böyük turnirə ev sahibliyi etdiyini bildirib. Azərbaycanın bu turnirin təşkilində FIFA ilə tərəfdaşlıq etdiyini vurğulayan Samir Şərifov ölkəmizə etimad göstərdiyi üçün ali futbol qurumuna təşəkkürünü bildirib. O, tarixdə ilk dəfə təşkil olunan 15 yaşadək oğlanlar arasında futbol üzrə dünya çempionatının ən qısa müddətdə və yüksək standartlar əsasında keçirilməsini təmin etdiyinə, bu konsepsiyanın reallığa çevrilməsi üçün göstərdiyi liderliyə və qətiyyətli dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

FIFA prezidenti Canni İnfantino çıxışında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatının və festivalının dünyanı birləşdirdiyini vurğulayıb, Bakıda üç mindən çox futbolçunun və rəsmi nümayəndənin turnirdə iştirak etdiyini diqqətə çatdırıb. O, turnirdə iştirak edən 189 komanda ilə yanaşı, könüllülərin və işçilərin yarışın işinə töhfə verəcəklərini deyib. Futbolçulara səslənən FIFA prezidenti onları turnirdən zövq almağa, ədalətli mübarizə aparmağa, rəqiblərinə hörmət göstərməyə və oyun qaydalarına əməl etməyə çağırıb. Canni İnfantino növbəti yeddi gün ərzində dünyanı bir araya gətirdiklərinə görə Prezident İlham Əliyevə və təşkilat komitəsinə təşəkkürünü bildirib. Azərbaycanla bir yerdə möhtəşəm tarix yazacaqlarını qeyd edib.

Sonra FIFA U-15 dünya çempionatı və festivalı açıq elan edilib.

Daha sonra müxtəlif ölkələri təmsil edən komandaların üzvlərinin təəssüratlarının da yer aldığı videoçarx nümayiş olunub.

Daha sonra tədbir bədii proqramla davam etdirilib 


Dövlətimizin başçısı, birinci xanım, ailə üzvləri və FIFA prezidenti, həmçinin Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyiblər.

Matç Azərbaycan milli komandasının 6:0 hesablı qələbəsi ilə başa çatıb.


Oyundan sonra dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri Azərbaycan komandasının futbolçuları ilə görüşüblər.

Prezident İlham Əliyev deyib. Bir daha təbrik edirəm. Gözəl oyun nümayiş etdirdiniz. Bütün qollar da çox gözəl, hamısı bir-birindən gözəl idi. Görünür ki, böyük məharət və peşəkarlıq tələb edən kombinasiyalar qurulmuşdu. Ona görə hamını sevindirmisiniz.

Əlbəttə ki, ölkəmizdə belə mötəbər yarışın keçirilməsi də böyük hadisədir. Bu, tarixdə qalacaq, çünki ilk çempionatdır. Bu günə qədər futbol üzrə bu miqyasda çempionatlar keçirilməmişdir. Bu açılış oyununda Azərbaycan komandasının inamlı qələbəsi – bu, artıq tarixdə əbədi qalacaq. Ona görə sizi bir daha təbrik edirəm. Bütün xalqımızı sevindirmisiniz. Sizə yeni uğurlar arzulayıram. Sağ olun.

Futbolçular: Sağ olun cənab prezident.

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.