Reklam

Şəmkirdə yol infrastrukturunun yenilənməsi işləri sürətlə aparılır

İqtisadiyyat

 Yol infrastrukturunun inkişafı əhalinin və nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etməklə yanaşı, ticarət əlaqələrinin və logistika imkanlarının genişlənməsinə də əlverişli şərait yaradır.

 
Respublika Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda yol infrastrukturunun yaxşılaşdırılması, yeni yolların çəkilməsi istiqamətində Rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl və sistemli iş aparılmaqdadır. Tərtib edilmiş fəaliyyət planına uyğun olaraq mərhələli şəkildə Şəmkir şəhəri ərazisində yerləşən küçələrdə yeni asfalt-beton örtüyü salınır, o cümlədən mövcud yol örtüyünün cari təmiri aparılır. Fəaliyyət planı tərtib edilərkən tərmir olunacaq küçələr müvafiq meyarlar üzrə qiymətləndirilərək müəyyənləşdirilir. Bu sıraya həmin ərazidə yaşayan əhalinin sayı, nəqliyyat vasitələrinin hərəkət intensivliyi və s. aiddir.
 
2021-2025-ci illər ərzində Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində 34,8 km yola yeni asfalt-beton örtüyü salınmış, 19,7 km yolda isə cari təmir işləri aparılmışdır.
 
Təmir işləri Heydər Əliyev prospektindən başlamaqla şəhər mərkəzi ilə yanaşı (S.Vurğun – N.Gəncəvi küçələri və onlara perpendikulyar küçələr), digər istiqamətlərə doğru da genişlənmış və artıq X.İbrahimli küçəsinədək (18-ci küçə) başa çatmışdır. Bu əsnada rayonun şərq hissəsində yerləşən yaşayış məntəqələrini (Abbaslı, Aşağı Seyfəli, Yuxarı Seyfəli, Çinarlı, Yeni Həyat və s.) rayon mərkəzi ilə birləşdirən əsas nəqliyyat arteriyalarından biri olan N.Nərimanov küçəsi (13-cü küçə), həmçinin ona bağlı olan H.Əliyev və R.Yusibov küçələri də əsaslı təmir olunaraq yenidən qurulmuşdur.
 
Həmçinin Şəmkir şəhərinin əhalinin sıx yaşadığı qərb hissəsi də (Morul yaşayış massivi) diqqətdə saxlanılmışdır. Bu istiqamətdə E.Hüseynov, M.Zamanov, V.Məmmədov, Təbriz küçələri əsaslı təmir olunaraq yeni asfalt yol örtüyü salınmış, eyni zamanda əhalinin sıx yaşadığı və nəqliyyatın intensiv hərəkət etdiyi Ə.Cavad küçəsində və Şəmkir şəhərini rayonun Şiştəpə, İrmaşlı kəndlərinə gedən yolla birləşdirən Ş.Qurbanov küçəsində cari təmir işləri aparılmışdır. 
 
Bununla yanaşı rayonun qəsəbələri də diqqətdən kənarda qalmamışdır. Belə ki, sözügedən dövrdə rayonun ən iri yaşayış məntəqələrindən biri olan Kür qəsəbəsində məsələnin sosial əhəmiyyəti nəzərə alınaraq Ağciyər Xəstəlikləri Mərkəzinin regional xəstəxanasına gedən yol Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunmuşdur. Eyni zamanda Aşağı Seyfəli və Yuxarı Seyfəli kəndlərinin rayon mərkəzi ilə əlaqəsini təmin edən Çinarlı qəsəbəsinin N.Gəncəvi küçəsində yeni asfalt örtüyü salınaraq sakinlərin istifadəsinə verilmişdir.
 
Hazırda Rayon İcra Hakimiyyətinin sifarişi ilə növbəti mərhələdə təmir olunacaq avtomobil yollarının layihə-smeta sənədləri hazırlanmaqdadır. Təmir planına rayon mərkəzi ilə yanaşı Morul, Posanlı, Qaryağdı yaşayış massivlərində yerləşən əhalinin daha çox istifadə etdiyi yollar, həmçinin Kraz yolu və Ağ Dağlar yolu kimi tanınan alternativ yollar da daxil edilmişdir.
   Taleh Kazımov - Kainatpress.tv internet televiziyasının bölgə müxbiri 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.