Siyasət
Tarix boyu zaman-zaman bütün xalqların taleyində mühüm rol oynayan, dövlətlərin inkişaf istiqamətini müəyyən edən nadir şəxsiyyətlər yetişmişdir.
Belə tarixi dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir.
Onun zəngin və çoxşaxəli fəaliyyəti təkcə Azərbaycanın deyil, bütövlükdə regionun siyasi, iqtisadi və mədəni inkişafında mühüm iz buraxmışdır.
Heydər Əliyev XX əsrin mürəkkəb və ziddiyyətli dövrlərində dövlət idarəçiliyi sahəsində özünün yüksək liderlik keyfiyyətlərini nümayiş etdirmiş nadir tarixi şəxsiyyətdir.
Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan sabitliyə qovuşmuş, dövlətçilik ənənələri möhkəmləndirilmiş və milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır.
Xüsusilə 1990-cı illərin əvvəllərində AXC-Müsavat hakimiyyətinin yarıtmaz idarəçiliyi nəticəsində ölkənin qarşılaşdığı siyasi və iqtisadi böhran şəraitində xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı Azərbaycan üçün böyük dönüş nöqtəsi olmuşdur.
Bəli, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə hüquqi dövlət quruculuğu istiqamətində mühüm islahatlar həyata keçirilmiş, ölkənin bütün humanizm prinsiplərini özündə əks etdirən yeni Konstitusiyası qəbul olunmuş və demokratik institutların formalaşdırılması istiqamətində əsaslı addımlar atılmışdır.
Eyni zamanda, iqtisadi sahədə aparılan məqsədyönlü siyasət Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasını sürətləndirmiş, neft strategiyasının uğurla həyata keçirilməsi ölkənin iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırmışdır.
Heydər Əliyevin fəaliyyətində milli-mənəvi dəyərlərin qorunması və inkişafı hər zaman xüsusi yer tutmuşdur.
Heydər Əliyev Azərbaycan dilinin, mədəniyyətinin və tarixinin təbliğinə hər zaman böyük önəm vermiş, milli kimliyin gücləndirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir.
Heydər Əliyevin təşəbbüsü ilə təhsil və elm sahəsində atılan mühüm addımlar gələcək nəsillərin daha savadlı və vətənpərvər ruhda yetişməsinə böyük zəmin yaratmışdır.
Xüsusilə qeyd etmək lazımdır ki, beynəlxalq münasibətlər sahəsində də Heydər Əliyevin rolu əvəzsizdir və onun həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan dünya birliyində layiqli yer tutmuş, bir çox beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq qurmuşdur.
Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət hər zaman ölkənin müstəqilliyinin möhkəmləndirilməsinə və milli təhlükəsizliyinin təmin olunmasına xidmət etmişdir.
Nəticə etibarilə, Heydər Əliyev təkcə bir dövlət başçısı deyil, həm də xalqının taleyini dəyişdirən, ona sabitlik, inkişaf və gələcəyə inam bəxş edən böyük tarixi şəxsiyyətdir. Onun ideyaları və siyasi irsi bu gün də Azərbaycan dövlətinin inkişafında mühüm rol oynamaqdadır. Məhz bu səbəbdən Heydər Əliyev dünyanın nadir tarixi dahi şəxsiyyətlərindən biri kimi qiymətləndirilir və onun adı Azərbaycan xalqının yaddaşında daim yaşayır və hər zaman yaşayacaqdır.
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın