Reklam

Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Gündəm

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Azərbaycanın ərəb dünyasını təmsil edən ölkələrlə siyasi, iqtisadi və digər sahələri əhatə edən sıx əlaqələrinin olduğunu deyərək, münasibətlərin genişləndirilməsində özünün ərəb ölkələrinə, ərəb dövlətlərinin liderlərinin isə Azərbaycana səfərlərinin rolunu qeyd edib.

Dövlətimizin başçısı ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələrə toxunub, bu xüsusda Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında yüksək səviyyədə əlaqələrin qurulduğunu deyib. Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına əminliyini bildirib.

Qonaq, ilk növbədə, dövlətimizin başçısına qəbula görə minnətdarlığını ifadə edib.

Ərəb Parlamentinin prezidenti Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdıraraq, regionda və dünyada sülhün bərqərar edilməsində Prezident İlham Əliyevin xüsusi rolunu qeyd etdi və dünyanın dövlətimizin başçısı kimi liderlərə ehtiyacı olduğunu bildirib.

Prezident İlham Əliyev xoş sözlərə və təbriklərə görə minnətdarlığını ifadə edib, sülhün əldə olunmasının bütövlükdə regionun inkişafı üçün mühüm əhəmiyyət daşıdığını deyib, sülh gündəliyinin irəli aparılmasında ABŞ Prezidentinin xüsusi roluna toxunub.

Qonaq ərəb dünyasının gündəliyində duran məsələlərdə, o cümlədən Fələstin məsələsində göstərdiyi qətiyyətli dəstəyə görə dövlətimizin başçısına ərəb xalqı adından dərin təşəkkürünü bildirib.

Azərbaycanın həmişə Ərəb Dövlətləri Liqasının yekdil mövqeyinə uyğun olaraq Fələstin məsələsinin “iki dövlət” prinsipi əsasında həllini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm-əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirakını, həmçinin Azərbaycanın Sülh Şurasına dəvət edildiyini məmnunluqla xatırladı, ölkəmizin sülh prosesinə töhfə vermək əzmində olduğunu qeyd edib.

Dövlətimizin başçısı Azərbaycanın xarici siyasətində müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələrin inkişafının prioritet istiqamətlərdən biri olduğunu deyib.

Söhbət əsnasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərinə toxunulub .Prezident İlham Əliyev 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan tərəfindən maddi mədəniyyət abidələrimizin, o cümlədən İslam dininə aid abidələrin, məscidlərin dağıdıldığını bildirdi, hazırda onların bərpa olunduğunu qeyd edib.

Görüşdə Azərbaycanla Ərəb Dövlətləri Liqasının qanunverici orqanı olan Ərəb Parlamenti arasında əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.