Dəyərli Kainatpress.tv izləyiciləri şəkildən də gördüyünüz kimi bura Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin inzibati binasıdır.
Bəli, Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi Səbail rayonunun inzibati ərazisində yox, məhz həmin bu binada - Bakı şəhəri Nəsimi rayonu, Xəqani küçəsi 65 (123-129) ünvanında yerləşir.
Bəli, Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi bugün sakinlərinə əlçatan olmamaqla onun qapısı yalnız öz əməkdaşlarının və tabeliyində olan MKİS işçilərinin üzünə açıqdır.
Bir sözlə Səbail sakinləri ilə söhbətimizdən də məlum oldu ki, sakinlər Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin harada və hansı ünvanda yerləşdiyini belə bilmirlər.
Məlumat üçün qeyd edək ki, Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 09.02.1996-cı il tarixli, 200 saylı sərəncamı və Səbail Rayon İcra Hakimiyyəti Başçısının 17.02.1996-cı il tarixli, 316 saylı sərəncamına əsasən yaradılıb.
Hazırda Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Həsənov Elçin Alşan oğludur. Elçin Həsənov bu vəzifəyə 2020-ci ildə təyin olunub.
Araşdırmalarımızdan o da məlum oldu ki, Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1.436.693 (Bir milyon, dörd yüz otuz altı min, altı yüz doqsan üç) manatdan çox borcu yaranıb.
Maraqlıdır ki, bütün bunlara baxmayaraq Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Həsənov Elçin Alşan oğlu hələ də öz vəzifəsində qalmaqdadır.
Onu da qeyd edək ki, bir neçə gün ardıcıl olaraq apardığımız müşahidələrimiz deməyə əsas verir ki, Elçin Həsənov günün ikinci yarısında ümumiyyətlə öz iş yerində olmur və biz onun günün ikinci yarısında hansı ərazidə olduğunu öyrənməyə çalışdığımız zaman isə hər dəfə cavab qısaca olaraq "icra hakimiyyətindədir" deyildi...
Günün birinci yarısı isə Elçin Həsənov öz iş yerində olsa da belə onun qəbuluna düşmək şərəfinə nail olmaq şəxsən Kainatpress.tv üçün əlçatmazdır...
Onu da qeyd edək ki, Elçin Həsənovun qəbul otağının qarşısındakı trafaretdə qeyd olunmuş qəbul qrafikində də 40 saatlıq iş həftəsi üçün cəmi 4 saat qəbul vaxtı ( III gün 16:00-18:00, V gün 16:00-18:00) nəzərdə tutulub.
Dəyərli Kainatpress.tv izləyiciləri Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin fəaliyyəti haqqında növbəti yazımızda Sizlərə daha ətraflı geniş məlumat verəcəyik.
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın