Bu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirilib. Bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz elmi məqalələri ilə çıxış ediblər. Yekun konfransda rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınıb. Bu gün artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qalib elan edilən mövzulardan ibarət «Heydər Əliyev və Azərbaycan tarixi» adlı növbəti kitab işıq üzü görüb.
Bakı Şəhər İcra Hakimiyyətində aparatın məsul işçilərinin, qalib seçilmiş məktəblilərin, onların elmi rəhbərlərinin, bir sıra məktəblərin rəhbərlərinin, KİV nümayəndələrinin iştirakı və şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən təqdimat mərasiminin əvvəlində Ulu Öndər Heydər Əiyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Qeyd olunub ki, konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu, Vətən müharibəsində qazanılan Şanlı Qələbə barədə öz elmi məqalələri ilə çıxış edib, son nəticədə isə belə bir kitab işıq üzü görüb.
Ümumilikdə isə, Bakı şəhərinin 300-dən artıq orta məktəbini əhatə etməklə 3000-dən çox şagirdin iştirak etdiyi rayon konfranslarında qalib olan 80 şagirdin referatları Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilib. 


Rəy yazın