Reklam

PROFESSOR MİSİR MƏRDANOVLA MÜSAHİBƏ

Gündəm

 

Aparıcı: Misir müəllim salam, Kainatpress.tv internet televiziyası olaraq sizi salamlayırıq və 28 may –Respublika günü münasibətilə Sizi ürəkdən təbrik edirik.

Misir müəllim: Salam, bu hamımızın bayramıdır. Bayramımız mübarək olsun.

Aparıcı: Çox sağ olun.

Aparıcı: Misir müəllim, hər birimiz çox yaxşı bilirik ki, Azərbaycan bir Respublika olaraq müstəqilliyinin ilk İllərində çətin bir yol keçib  və həmin o çətin dövrdə məhz Ulu Öndər Heydər Əliyevin Xalqın təkidli tələbi ilə hakimiyyətə tarixi qayıdışından sonra məhz Heydər Əliyevin sayəsində Azərbaycan öz müstəqilliyini qoruyub saxlaya bildi. Misir müəllim, həmin o illərlə bağlı Sizin də xatirələrinizi dinləmək bizim üçün çox xoş olar.

Misir müəllim: Nigar xanım, tamamilə doğru deyirsiniz, müstəqilliyimizin bərpa olunmasının ilk illəri çox çətin illər olubdu. 91-ci ildən başlayaraq çox ağır illərdən keçmişik. Qısa müddətdə hakimiyyətə gəlmiş Azərbaycan Xalq Cəbhəsi və Müsavat cütlüyü hakimiyyəti qoruyub saxlaya bilmədi.  Ermənistanın  Azərbaycana elan etmədən başladığı müharibə Azərbaycanı çox pis vəziyyətə saldı, torpaqlarımızın iyirmi faizi işğal olundu. Qərbi Azərbaycanda yaşayan Azərbaycanlılar-bütövlükdə üç yüz min nəfərə yaxın əhali öz doğma dədə-baba yurdundan qovuldu, çıxarıldı və üzlərini Azərbaycana tutdu. Bütün bu məsələlər 90-cı illərin əvvəlində Azərbaycanı çox çətin vəziyyətə salmışdı və Azərbaycan öz müstəqilliyini qorumaq üçün yəni ciddi bir tədbirlər Azərbaycan rəhbərliyi görə bilmədiyi ilk illərdə hətta Azərbaycanda vətəndaş müharibəsi həddinə gəlib çatdı. Yaxşı xatırlayıram o dövrdə mən Bakı Dövlət Universitetində prorektor vəzifəsində çalışırdım. Çox pis vəziyyətə gəlib çatmışdı. Məsələn, Gəncədə Surət Hüseynov qiyam qaldırmışdı, onun hərbi hissələri Nəvaiyə qədər gəlmişdi, cənubda Əlikram Hümbətovun qüvvələri cənub tərəfi demək olar ki, öz tabeliyinə götürmüşdü, şimalda Sadval hərəkatı və digər məsələlər Azərbaycanı çox pis vəziyyətə salmışdı, Azərbaycan müstəqilliyini az qalmışdı itirsin. Mən bunları gözümlə görmüşəm, insanlar çox pis vəziyyətdəydilər və belə bir vaxtda Azərbaycanın seçilmiş ziyalıları o zaman Naxçıvanda işləyən Naxçıvan Ali Məclisinin sədri vəzifəsində çalışan Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Yeni Azərbaycan Partiyası yaradıldı Heydər Əliyevin rəhbərliyilə və o zamanki hakimiyyət rəhbərlərinin dəvəti ilə Xalqın təkidli tələbindən sonra Heydər Əliyev Azərbaycana hakimiyyətə gəldi. Yenə deyirəm, o günləri mən çox yaxşı xatırlayıram. Hər şey çox çətin idi, hər gündə bir rayonumuz əldən gedirdi və düşmən Gəncəyə yaxınlaşırdı bir tərəfdən. Çox pis vəziyyət idi, belə bir vəziyyətdə Heydər Əliyev Azərbaycana gəldi. Azərbaycanın demək olar ki, ordusu yox idi, hər komandirin özünün bir silahlı dəstəsi var idi, ümumi rəhbərlik demək olar ki, yox idi və belə bir çətin vəziyyətdə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldi və belə deyim də deyək ki, o zaman Azərbaycanın daxilində heç bir qan tökmədən siyasi diplomatiya vasitəsi ilə Azərbaycanda vətəndaş qarşıdurmasının qarşısını aldı. Azərbaycanda ilk növbədə Azərbaycanın daxilində siyasi sabitliyi bərpa elədi, Azərbaycanın müdafiə qüvvələrini bir araya gətirməyə nail oldu və yaxşı xatırlayıram Horadiz döyüşlərində Azərbaycan ordusu erməni qüvvələri üzərində öz qələbəsini çalandan sonra ermənilər məcbur oldular ki, Azərbaycanla müvəqqəti də olsa atəşkəs müqaviləsi imzalandı və ondan sonra Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda yavaş-yavaş inkişaf başlandı. Mənim yaxşı yadımdadır ki, 94-cü ilin sentyabrın 20-də Gülüstan sarayında Dünyanın bir çox ölkələrinin rəhbərlərinin və tanınmış şirkətlərin rəhbərlərinin iştirakı ilə “Əsrin Müqaviləsi” imzalandı. O müqavilə imzalananda biz Universitetdə televizorun qarşısında ayaq üstə dayanaraq o imzalama mərasimini izləyirdik və həmin vaxt şəxsən mənim gözlərimdən yaş gəldi ki, əgər dünyanın böyük dövlətlərinin aparıcı şirkətləri Azərbaycanın “Əsrin Müqaviləsi” Layihəsinə bu qədər sərmayə xərcləyirsə demək Azərbaycanın müstəqilliyi artıq qorunacaqdı və həqiqətən də elə oldu, tezliklə Azərbaycanda iqtisadi inkişaf artdı və beləliklə Azərbaycan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə o burulğandan, sözün həqiqi mənasında o burulğandan çıxdı və inkişafa doğru getdi. O dövrdə yenə deyirəm mən, Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində işləyirdim. İlk illərdə Universitetin rektoru Firudin Səməndərov idi, 1993-cü ilin payızından Universitetin rektoru vəzifəsinə Heydər Əliyevin, Ulu Öndərin çox nüfuzlu silahdaşlarından biri olan professorumuz Murtuz Ələsgərov gəldi və bərabər işləməyə başladıq.

Aparıcı: Misir müəllim, biz Ölkəmizin müstəqilliyinin ilk illərində Azərbaycanın qarşılaşdığı çətinlikləri qeyd etdik, gəlin onu da qeyd edək ki, məhz həmin o çətin dövrdə müstəqil Azərbaycanın bir Respublika olaraq müstəqil təhsil sisteminin formalaşdırılmasında, vətənpərvərlik və müstəqillik ruhunda yeni dərsliklərin-tədris materiallarının hazırlanmasında şəxsən Sizin xidmətiniz danılmazdır. Hətta mən deyərdim ki, müstəqil Azərbaycanın müstəqil təhsil sisteminin memarı da məhz Siz olmusunuz. Odur ki, xahiş edirik Azərbaycanın müstəqil təhsil sistemini formalaşdırdığınız həmin o illərlə bağlı xatirələrinizi də bizimlə bölüşərdiniz.

Misir müəllim: Bu mənada, bu fikirlə əlbəttə ki, mən sizinlə razı deyiləm. Müstəqil dövlətimizin də, müstəqil dövlətin milli təhsil sisteminin yaradılmasının da banisi Ulu Öndər Heydər Əliyevdir. Mən sadəcə 1996-cı ildən Murtuz Ələsgərov Azərbaycan parlamentinə sədr vəzifəsinə seçiləndən sonra mən Universitetin rektoru vəzifəsində çalışmışam, təxminən il yarım işləmişəm, il yarımdan sonra Ulu Öndərin fərmanı ilə mən Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışmağa başlamışam və ilk illər əlbəttə çox çətin idi, doğru deyirsiniz. Çətinlik nədə idi deyim. Birinci çətinlik o idi ki, Azərbaycanda yeni bir dövlət qurulurdu, yeni bir ictimai-siyasi sistem yaranırdı, ancaq yeni qurulan dövlət, köhnə qaydalar əsasında işləyirdi. Hələ də təhsil sistemində yeni qaydalar yox idi, yeni qanun qəbul olunmamışdı. Vəziyyət o qədər yaxşı deyildi, müəllimlərin əmək haqqı çox aşağı idi, çoxlu sayda müəllimlərimiz vətəndən kənəra Türkiyəyə, İrana və digər başqa ölkələrə getmək məcburiyyətində qalırdı. Yeni milli dərsliklər hazırlamaq lazım idi, ölkənin maliyyə imkanları çox aşağı idi, yeni dərsliklərin hazırlanması çətin idi. Dərslikləri kim yazacaq, əvvəllər bu dərsliklər Moskvada hazırlanıb gətirilib burda təqdim olunurdu, indi o dərslikləri kim yazacaq? Necə yazacaq? Bu dərsliklər ictimaiyyət tərəfindən qəbul olunacaqmı? Digər tərəfdən məktəblərin texniki, maddi-texniki bazası çox zəif idi, demək olar ki, o vaxt son iyirmi il ərzində heç bir məktəb də tikilməmişdi, əsaslı təmir olunmamışdı. Məktəblərin avadanlıqları çox köhnəlmişdi, bunların da hamısı ciddi problemlər idi. Əlavə edim ki yenə on minlərlə azərbaycanlı müəllim Qərbi Azərbaycandan didərgin düşmüşdü, daha çox müəllim isə iyirmi faiz işğal olunmuş ərazimizdən Azərbaycanın digər bölgələrinə gəlmişdi. Bu çətinliklərin hamısının qarşısında durmaq lazım idi və bu istiqamətdə o dövrdə əlbəttə Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə onun tapşırıqlarına, onun tövsiyələrinə uyğun olaraq biz Azərbaycanda milli təhsil sistemini qurmağa başladıq. Yenə deyirəm çox çətinliklər oldu, onların hamısını sadalamaq əlbəttə çətindir. Çətinliklərdən biri də o idi ki, bizim Konstitusiyada yazılmışdı ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir və məktəblərdə Azərbaycan dili əsas fənn kimi tədris olunmalıdır. Ona qədər isə rus dili də Azərbaycan dilinə bərabər saatlar ayırmaqla tədris olunurdu. Bu məsələni həll etmək lazım idi, yəni bütün bu məsələlər çox böyük səylər iş tələb eliyirdi və mən şəxsən özümü xoşbəxt adam hesab edirəm ki, o illər ərzində düz on beş il , onun 1998-ci ildən 2003-cü ilə qədər olan dövrünü Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda milli təhsil sisteminin qurulması və onun inkişafı ilə bağlı çalışmışam, ondan sonra isə 2012-ci ilin aprel ayının 18-nə qədər bugünki prezidentimiz, müzəffər Ali Baş Komandan çox hörmətli İlham Əliyevin rəhbərliyi ilə çalışmışam və çalışmışam ki, Azərbaycan təhsilini müəyyən səviyyəyə qaldıraq. Heydər Əliyevin tövsiyyələri var idi, onu xatırlatmaq istəyirəm. Ulu Öndər həmişə mənə deyirdi ki,” Azərbaycan təhsilində islahatlar apararkən tələskənliyə yol vermək olmaz, inqilabi yolla getmək olmaz, hər bir islahatı təkamül yolu ilə aparmaq lazımdır.” Heydər Əliyev dəfələrlə dönə-dönə vurğuluyurdu ki, Azərbaycan Xalqının tarixi ənənələri var təhsil sahəsində və bu ənənələri də unutmaq olmaz. Onlardan istifadə etmək lazımdır. Eyni zamanda beynəlxalq təcrübəni də öyrənmək lazımdır, onlardan da istifadə etmək lazımdır. Ulu Öndərin o sözü, dahiyanə fikirləri bugün də mənim qulağımdadır ki, “heç bir ölkənin təhsil sistemini  gətirib Azərbaycanda qurmaq olmaz! Azərbaycanın öz təhsil sistemi olub, ondan yararlanmaq və ondan istifadə etmək lazımdır.” Yəni bütün bunları nəzərə alaraq biz, Azərbaycanda cənab prezidentin, Ulu Öndərin tapşırığı ilə qısa müddətdə təhsil islahatı proqramı yaratdıq, mən o proqramı hazırlayan komissiyanın sədri təyin olunmuşdum Ulu Öndər tərəfindən və Ulu Öndər bu işə o qədər böyük qiymət verirdi ki, ümumiyyətlə təhsilə, müəllimə, məktəbə. Ulu Öndər  həmin proqramı yaxşı xatırlayıram iyun  ayının 15-də Milli Qurtuluş Günündə təsdiq etdi və biz ondan sonra o proqramın ayrı-ayrı bəndlərini həyata keçirməyə başladıq və düşünürəm ki, on beş ilin ərzində əlimizdən gələni eləməyə çalışdıq. Azərbaycan getdikcə inkişaf edirdi, Azərbaycanın iqtisadi vəziyyəti getdikcə yaxşılaşırdı, maliyyə vəziyyəti yaxşılaşırdı və tədricən Azərbaycan təhsilində uğurlu nəticələr əldə edə bildik. Həm daxildə, həm də azərbaycanlı gənclərin artıq SSRİ-nin deyil Dünyanın aparıcı ali məktəblərinə təhsil almağa göndərilməsi sahəsində çox böyük uğurlar əldə olundu. Azərbaycanda yeni ali məktəblər yarandı, Azərbaycanda özəl təhsil müəssisələrinin əsası qoyuldu, həm orta təhsil müəssisələri, həm məktəbəqədər təhsil müəssisələri, həm ali məktəblərin əsası qoyuldu. Yəni çox işlər görüldü, əlbəttə bir söhbətdə bunların hamısını sadalamaq sadə məsələ deyil, onu da deyim ki, xalq cəbhəsinin hakimiyyəti dövründə dərsliklər məktəblilərə pulla satılırdı və çox insanın bu dərslikləri almağa pulu yox idi. Heydər Əliyev hakimiyyətə gələn kimi tədricən bu bədnam qərarı ləğv elədi və qısa müddət ərzində dövlətin büdcə vəsaiti hesabına hazırlanmış kitablar məktəblərə-məktəblilərə pulsuz paylanılmağa başladı. Mən onu da xatırlayıram ki, Ulu Öndər Heydər Əliyev həmişə mənə tapşırırdı ki, vaxtında Gürcüstanda təhsil alan, Gürcüstanda yaşayan azərbaycanlı balalarımıza dərslikləri çatdırmaq lazımdır. Dərbənddə yaşayan azərbaycanlılara dərslikləri çatdırmaq lazımdır. Hətta Orta Asiya və Qazaxıstanda yaşayan azərbaycanlıların çoxluq təşkil etdiyi ərazilərdə Azərbaycanlıların kompakt yaşadığları ərazilərdə olan uşaqlara da kitabları çatdırmaq lazımdır. Azərbaycan dərsliklərini, xüsusən Azərbaycan dili, Ədəbiyyatını çatdırmaq lazımdır. Yəni Ulu Öndər Heydər Əliyevin tövsiyyələri tarixi bir tövsiyyələr idi ki, biz onları həyata keçirməyə cəhd eliyirdik.

Aparıcı: Misir müəllim bu gün çox böyük fəxr hissi ilə qeyd etmək istərdim ki, artıq 5-ci ildir ki, 28 may – Respublika günü Azərbaycanın bütün ərazisində qeyd olunur və möhtərəm prezidentimiz cənab Ali Baş Komandan İlham Əliyevin sayəsində artıq 5 ildir ki, üçrəngli Azərbaycan bayrağı işğaldan azad olunmuş ərazilərimizdə dalğalanmaqdadır. Misir müəllim Azərbaycanın tarixi qələbəsi barədə Sizin də fikirləriniz bizim üçün çox maraqlıdır.

Misir müəllim: Mən, düşünürəm ki, bugün hər bir Azərbaycan vətəndaşı özünün həyatının ən xoşbəxt anlarını, günlərini yaşayır çünki uzun illər cəhd elədiyimiz lakin baş tutmayan müstəqilliyimizlə, suverenliyimizlə  qovuşmuşuq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı tam azad etmişik, yəni ərazi bütövlüyümüzü bərpa eləmişik və bugün mən eşidəndə ki, cənab prezident Türkiyənin prezidenti, qardaş Türkiyənin prezidenti cənab Rəcəb Tayib Ərdoğanla və Pakistanın baş naziri ilə birlikdə Qarabağa gedib, Qarabağda aparılan quruculuq işləri ilə tanış olublar və Laçında Hava Limanının açılmasından söhbət gedir, qeyd edim ki, mən şəxsən özüm Fizulidəki Hava Limanını görmüşəm. Yəni bütün bu gördüklərimiz, bildiklərimiz, eşitdiklərimiz deyir ki, ey Azərbaycan oğlu, ey Azərbaycan övladı sən bu günləri unutmamalısan və bilməlisən ki, yüz minlərlə Azərbaycan vətəndaşı bugünü görmək arzusunda yaşayıb, ancaq bu günü görə bilməyibdi, amma indi o günü sən görürsən və ona görə də bu günün qədrini bil, bu günü qiymətləndir. Bu Ölkənin inkişafına öz töhfəni ver, bugün Dünya okeanında uğurla irəliyə doğru üzən, cənab prezidentin komandanlığı ilə üzən Azərbaycan gəmisinin irəliyə getməsinə sən də öz töhfəni verginən. Yəni bu arzuyla mənə belə  gəlir hər bir azərbaycan vətəndaşı, o cümlədən mən də yaşayıram, sevinirik. Cənab prezident bu yaxınlarda Ağdam da olarkən o sadə insanlarla görüşərkən, Muğam mərkəzinin açılışında etdiyi o tarixi çıxışı ilə, digər görüşləri ilə, yəni on, on beş il əvvəl düşünmədiyimiz, ağlımıza gəlməyən uğurların və qələbələrin şahidi olduq. Bu çox möhtəşəm bir qələbədir. Mən Allahdan arzu eliyirəm ki, bu qələbələrimizin sayı daha çox olsun, uğurlarımız bol olsun, Allah prezidentimizə möhkəm cansağlığı versin, Mehriban xanımla bərabər millətimizi və dövlətimizi uğurla irəliyə aparsınlar və hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur ki, dövlətimizin başçısına bütün bu işlərdə öz dəstəyimizi verək və heç bir şeyi əsirgəməyək.

Aparıcı: Misir müəllim, sonda Sizi bir daha təbrik edirik, Sizə uzun ömür can sağlığı, yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq və bizə vaxt ayıraraq Kainatpress.tv internet televiziyasına müsahibə verdiyinizə görə təşəkkür edirik.

Misir müəllim: Nigar xanım, Siz də çox sağ olun, mən də Sizə təşəkkür edirəm ki, vaxt ayırıb bugün hətta bir neçə dəfə mənimlə  əlaqə saxladınız.Təşəkkür edirəm.

Aparıcı: Misir müəllim, bir daha çox sağ olun, biz də Sizə təşəkkür edirik.

Müsahibə götürdü Nigar Kamal. Kainatpress.tv

 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.