Təhsil
“Konstitusiya və Suverenlik İli” çərçivəsində yeni dərs ilinin başlanması və “Bilik Günü” münasibətilə rayonun bütün ümumtəhsil müəssisələrində tədbirlər keçirilmişdir.
15 sentyabr “Bilik günü” münasibətilə Y.Sadıqov adına Bozalqanlı kənd ümumtəhsil tam orta məktəbində təşkil olunmuş tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Nizami Səfərov və Qazax–Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon üzrə təhsil sektorunun müdiri Aysel Quliyeva, təhsil işçiləri və şagirdlər iştirak etmişlər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Məmməd Məmmədov məktəbin müəllim kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş və onlara uğurlar arzulamışdır. Qeyd etmişdir ki, Heydər Əliyevin əsasını qoyduğu təhsil islahatları möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin rəhbərliyi dövründə minlərlə məktəb binası tikilib və ya əsaslı təmir edilib. Nəticədə bir milyondan artıq şagirdin normal tədris ocaqlarında təhsil almalarına şərait yaradılıb. Tarixən təhsilə, elm və mədəniyyətə çox bağlı olan tozvuzluların övladları ölkənin və dünyanın ayrı-ayrı nüfuzlu universitetlərində rayonumuzu layiqincə təmsil edirlər.
Sonra Milli Məclisin deputatı Nizami Səfərov, Qazax–Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon üzrə təhsil sektorunun müdiri Aysel Quliyeva və Y.Sadıxov adına Bozalqanlı kənd ümumtəhsil tam orta məktəbinin direktoru Elmira Mürsüdlü çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında görülən işlərdən və əldə olunan nailiyyətlərdən, həmçinin təhsilin inkişafı sahəsində həyata keçirilən dövlət siyasətindən danışıblar, Tovuz rayonunda təhsilin maddi–texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlər, hazırda icra olunan layihələr, ötən tədris ilində əldə olunan nəticələr barədə fikirlərini bölüşmüş, rayonda təhsilin inkişafı sahəsində qarşıda duran vəzifələri diqqətə çatdırmışlar.
Tədbirdə çıxış edən valideyn – şəhid bacısı Quliyeva Rahilə övladının ali məktəbə qəbul imtahanında yüksək nəticə göstərməsindən qürur duyduğunu bildirmişdir. Dövlətin şəhid ailələrinə və gənclərə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü ifadə edib. Çıxışlardan sonra tədbirin bədii hissəsi davam etdirilib, məktəblilərin hazırladığı rəqs nömrələri nümayiş olunub və sonda rəmzi olaraq “İlk zəng” çalınıb.
Taleh Kazımov - Kainatpress.tv-nin bölgə müxbiri 


Rəy yazın