Bugün həqiqətən də çox nəcib bir insan olan, qayğıkeş məmur və gözəl ziyalımız Süleyman İsmayılovun doğum günüdür.
Süleyman İsmayılov 1957-ci il iyulun 14-də Naxçıvan MR-in Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Simferopol şəhərində ali təhsil almış, daha sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
1982-ci ildə Bakı şəhəri 26 Bakı Komissarı adına rayonun 236 nömrəli orta məktəbində müəllim, 1982-1986-cı illərdə Azərbaycan LKGİ 26 Bakı Komissarı adına Rayon Komitəsində təlimatçı, 1986-1991-ci illərdə Bakı şəhəri 26 Bakı Komissarı adına Rayon Xalq Nəzarəti Komitəsində təlimatçı-müavin, 1991-ci ilin may - sentyabr aylarında Bakı şəhəri 26 Bakı Komissarı adına Rayon Partiya Komitəsində təlimatçı, 1991-1992-ci illərdə Bakı "Spessistemservis" İstehsalat sahəsində hüquq məsləhətçisi, 1992-1994-cü illərdə Naxçıvan MR-in Bakı şəhərindəki Daimi Nümayəndəliyində mütəxəssis, baş mütəxəssis-müavin, 1994-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Ümumi şöbəsində Ümumi sektorun müdiri vəzifələrində çalışmış, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ümumi şöbəsinin müdiri təyin edilmiş, 2005-ci ilədək həmin vəzifədə işləmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 19 iyul tarixli sərəncamı ilə Süleyman İsmayılov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilmişdir. Hər zaman qayğıkeş və məsuliyyətli bir dövlət məmuru kimi tanınan Süleyman İsmayılov bugün də Dövlətimizə və Xalqımıza sədaqətlə xidmət etməkdədir.
Dövlətimiz və Xalqımız qarşısındakı yüksək xidmətləri nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli Sərəncamı ilə Süleyman İsmayılova 2-ci dərəcə dövlət müşaviri, Prezidentin 2007-ci il 22 iyun tarixli Sərəncamı ilə isə 1-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart və 2018-ci il 18 İyul tarixli sərəncamları ilə Süleyman İsmayılov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvü, 1999-cu il 14 may və 2016-cı il 18 İyul tarixli sərəncamları ilə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv işi üzrə Komissiyanın sədri təyin edilmişdir.
Süleyman İsmayılov Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 1 oktyabr tarixli Fərmanı və 2018-ci il 20 fevral tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası"nın üzvü təyin edilmişdir.
Süleyman İsmayılov həmçinin 2002-ci ildə Yaponiya Hökumətinin Beynəlxalq Əməkdaşlıq Proqramı çərçivəsində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Milli Kadrlar İdarəsinin regional təlim kurslarının sertifikatını almışdır.
Süleyman İsmayılov Ulu Öndər Heydər Əliyevin fəaliyyəti haqqında, həmçinin də sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, dövlət qulluğu və kadr məsələlərinə həsr olunmuş bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifidir.
Süleyman İsmayılov Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2012-ci il iyunun 22-də 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2017-ci il iyulun 13-də "Şöhrət" ordeni, 2019-cu il iyunun 22-də "Əməkdar dövlət qulluqçusu" fəxri adı ilə təltif edilmişdir.
Süleyman İsmayılov ailəlidir, 2 övladı var.
Bugün biz də Süleyman müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edirik, ona uzun ömür, möhkəm cansağlığı, çətin və şərəfli işində uğurlar arzulayırıq.
Nigar Kamal - kainatpress.tv internet televiziyasının direktoru



Rəy yazın