Reklam

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Gündəm

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib.

Dövlətimizin başçısı ötən il Kopenhagendə Niderland Krallığının sabiq Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırlayaraq görüş zamanı Azərbaycanla Niderland arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsinin aparıldığını vurğulayıb.

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirib, bu səfəri siyasət, diplomatiya, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığı müzakirə etmək üçün yaxşı fürsət kimi qiymətləndirib.

Qəbula görə dövlətimizin başçısına minnətdarlıq edən Tom Berendsen əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğuladı və əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Qonaq Yaxın Şərqdə baş vermiş hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən Niderlandın Tehrandakı səfirinin və səfirliyin əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyəsində göstərilmiş dəstəyə görə təşəkkürünü bildirib.

Niderlandın xarici işlər naziri Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunmasında Prezident İlham Əliyevin şəxsi rolunu çox yüksək qiymətləndirdiklərini vurğulayıb və qeyd edib ki, bu, regionla bərabər, Avropa üçün də çox əhəmiyyətli bir məsələdir.

Söhbət zamanı ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.


Niderland şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərdikləri qeyd olunub, nəqliyyat, logistika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub.

Görüşdə Azərbaycan ilə Niderland arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi, bu məqsədlə qarşılıqlı səfərlərin, o cümlədən işgüzar nümayəndə heyətlərinin səfərlərinin təşkili məsələləri müzakirə edilib.

Azərbaycanın kənd təsərrüfatının inkişafına xüsusi önəm verdiyi və bu sahədə genişmiqyaslı dövlət proqramlarının həyata keçirildiyi vurğulanıb. Niderlandın kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübəsi nəzərə alınaraq, bu istiqamətdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib.

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.