Reklam

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Gündəm

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsində də yüksək səviyyədə əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev İranın Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin səfərinin uğurlu olacağına əminliyini bildirdi və bunu ikitərəfli təmasların davamı kimi qiymətləndirdiyini deyib. Bu xüsusda dövlətimizin başçısı bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin İrana səfərini və orada önəmli görüşlər keçirdiyini xatırlayıb.

Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən İsgəndər Momeni dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluğunu vurğulayıb.

O, Prezident Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdıraraq qeyd edib ki, İranın dövlət başçısı Prezident İlham Əliyevlə son dövrlərdə keçirdiyi görüşləri səmimiyyətlə xatırlayır.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Prezident Məsud Pezeşkiana çatdırmağı xahiş edib. Dövlətimizin başçısı da öz növbəsində İran Prezidenti ilə son dövrlərdə tez-tez görüşdüyünü deyərək, bir neçə gün əvvəl onunla Türkmənistanda keçirdiyi görüşü xatırlayıb.

Nazir vurğulayıb ki, İran Prezidenti ölkələrimizin müvafiq qurumları arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir.

Azərbaycanın İran üçün dost və qardaş ölkə olduğunu deyən İsgəndər Momeni İranda müxtəlif zamanlarda baş vermiş hadisələr, o cümlədən güclü zəlzələlər və meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi humanitar yardıma və dəstəyə görə bir daha təşəkkürünü bildirib.

İranın daxili işlər naziri hazırda bölgədə gərginliyin aradan qaldırılması istiqamətində aparılan danışıqlar prosesi barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev Yaxın Şərq regionunda mövcud gərginliyin danışıqlar yolu ilə həllini tapacağına ümidvar olduğunu deyib.

Söhbət zamanı ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.