Səhiyyə
TƏBİB-in tabeliyindəki tibb müəssisələrində səhiyyə ilə əlaqəli infeksiyalara (HAI) epidemioloji nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, TƏBİB və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşlığı çərçivəsində HAI-lərə epidemioloji nəzarətin qiymətləndirilməsi üçün Nöqtəvi Yayılma Sorğusunun (PPS) tətbiqinə hazırlıq məqsədilə Yeni Klinikanın, Sabunçu Tibb Mərkəzinin və Respublika Klinik Xəstəxanasının əməkdaşları üçün praktiki təlimlər keçirilib.
Sözügedən sorğu HAI-lərin yayılma vəziyyətinin qiymətləndirilməsinə, eləcə də infeksiyaların profilaktikası və nəzarəti tədbirlərinin təkmilləşdirilməsinə imkan verir.
Qeyd edək ki, həyata keçirilən tədbirlər ÜST-nin 2024–2030-cu illər üzrə İnfeksiyaların Qarşısının Alınması və Nəzarət üzrə Qlobal Fəaliyyət Planı çərçivəsində reallaşdırılan layihənin tərkib hissəsidir və Azərbaycan layihəyə cəlb olunan 6 ölkədən biridir.
Layihə çərçivəsində tibb müəssisələrində infeksiyaların profilaktikası və nəzarətinin gücləndirilməsi, həmçinin bu sahədə mütəxəssislərin praktiki potensialının artırılması istiqamətində işlər aparılır.



Rəy yazın