Reklam

Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Gündəm

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Oman Sultanlığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saif Raşid Saif Al Cahvarini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı dost ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirərək, bir çox sahədə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyini deyib və tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Səfirə fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev onun ikitərəfli gündəliyin müxtəlif sahələri üzrə əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə ümidvarlığını bildirib.

Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən Saif Raşid Saif Al Cahvari Oman Sultanı Heytəm bin Tariq Al Səidin salamlarını dövlətimizin başçısına çatdıraraq deyib ki, Oman Sultanı Prezident İlham Əliyevə möhkəm cansağlığı, ölkəmizə isə yeni uğurlar arzulayır.

Prezident İlham Əliyev xoş sözlərə və salamlara görə minnətdarlığını bildirərək onun da salamlarını Oman Sultanına çatdırmağı xahiş edib.

Səfir bu günlərdə diplomatik münasibətlərimizin 35 illiyinin qeyd olunmasının önəmini vurğulayıb.

O, Leyla Əliyevanın bu ilin əvvəlində Omana səfərini xatırladaraq, həmin səfər zamanı keçirilmiş görüşlərin və aparılmış müzakirələrin əhəmiyyətinə toxunub, bütün bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyini deyib.

Söhbət zamanı Azərbaycanla Oman arasında turizm sahəsində əməkdaşlıq qeyd edilib, birgə investisiya fondunun yaradıldığı bildirilib və gələcəkdə onun maliyyə imkanlarının artırılması perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.