İqtisadiyyat
Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin mahiyyəti daim dünyada əmin-amanlığın, sülhün, iqtisadi inkişafın və mədəni əlaqələrin genişləndirilməsinin təşviqi ilə bağlı olub. Dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları bu tədbirləri qlobal proseslərin mühüm tərkib hissəsi kimi dəyərləndirirlər.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) mahiyyət etibarilə böyük əhəmiyyət daşıyan beynəlxalq platformadır.
Forumda 182 ölkədən 45 mindən çox nümayəndənin iştirakı tədbirin miqyasını və əhəmiyyətini aydın şəkildə göstərir.
Prezident cənab İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimindəki çıxışında Azərbaycanın Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyini, ölkəmizin tarix boyu Şərqlə Qərbi birləşdirən bir məkan olduğunu vurğulayıb.
Dövlət başçımızın səsləndirdiyi fikirlər Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda da mühüm inkişaf və əməkdaşlıq mərkəzinə çevrildiyini bir daha göstərdi. Cənab prezidentin çıxışında həm tarixi irsə bağlılıq, həm də müasir inkişaf strategiyası vahid konsepsiya şəklində təqdim olundu.
İçərişəhərdən Qarabağa, Şamaxıdan Lahıca qədər sadalanan nümunələr Azərbaycanın qədim dövlətçilik, memarlıq və şəhərsalma ənənələrinin bu gün də yaşadığını bir daha nümayiş etdirdi.
Cənab prezidentin Ağdam, Zəngilan və Xankəndidə keçirilən şəhərsalma forumlarını xatırlatması da təsadüfi deyildi. Bu, işğaldan azad olunmuş ərazilərin artıq dağıntı məkanından inkişaf və quruculuq bölgəsinə çevrildiyini göstərən mühüm mesaj idi. Xüsusilə Ağdamın “Qafqazın Xirosiması” adlandırılması Ermənistanın işğal dövründə törətdiyi dağıntıların miqyasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyırdı.
Dövlətimizin başçısının səsləndirdiyi rəqəmlər – tunellərin, körpülərin, hava limanlarının tikilməsi, yolların salınması və bir çox infrastruktur layihələrinin qısa müddətdə həyata keçirilməsi Azərbaycanın iqtisadi və təşkilati imkanlarının göstəricisindən xəbər verir.
Böyük Qayıdış Proqramı çərçivəsində aparılan işlər yalnız bərpa prosesi deyil, həm də müasir və dayanıqlı yaşayış modelinin qurulması kimi dəyərləndirilir.
Cənab prezidentin çıxışında milli-mənəvi dəyərlərlə müasir şəhərsalma prinsiplərinin paralel təqdim olunması da xüsusi diqqət çəkdi.
Prezident cənab İlham Əliyev öz çıxışında Azərbaycanın musiqisinin, poeziyasının və memarlığının dünya miqyasında maraq doğurduğunu vurğulayaraq, milli kimliyin qorunmasının inkişaf prosesinin əsas istiqamətlərindən biri olduğunu xüsusi qeyd etdi.
Ətraf mühitin qorunması ilə bağlı səsləndirilən fikirlər də forumun əsas mahiyyətinə uyğun idi. Vaxtilə ekoloji baxımdan problemli ərazilər hesab olunan Qara şəhər və Böyükşorun müasir yaşayış və istirahət məkanlarına çevrilməsi Azərbaycanın ekoloji yenilənmə siyasətinin uğurlu nəticəsi kimi qiymətləndirilə bilər. "Ağ şəhər" layihəsi isə urbanizasiya və ekoloji tarazlığın bir arada mümkün olduğunu göstərən mühüm nümunələrdəndir.
Ümumilikdə prezident cənab İlham Əliyevin çıxışı Azərbaycanın şəhərsalma siyasətinin yalnız infrastruktur layihələri ilə məhdudlaşmadığını, eyni zamanda tarixi irsin qorunması, dayanıqlı inkişaf, sosial rifah və beynəlxalq əməkdaşlıq prinsiplərinə söykəndiyini bir daha nümayiş etdirdi.
Taleh Kazımov - Kainatpress.tv internet televiziyasının bölgə müxbiri 


Rəy yazın