Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini qəbul edib.
Qonaq, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Azərbaycan Prezidentinə çatdırıb. O qeyd edib ki, Si Cinpin Prezident İlham Əliyevi Çinin dostu kimi dəyərləndirir.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirərək onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş edib. Prezident İlham Əliyev deyib ki, Çin Xalq Respublikasının Sədrinin onu Çinin daimi dostu adlandırmasını yüksək qiymətləndirir.
Can Quoçin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında qlobal urbanizasiya gündəliyi ilə bağlı aktual mövzuların müzakirə edildiyini bildirib, tədbirdə iştirak etməkdən şərəf hissi duyduğunu deyərək ölkəsində bu Foruma mühüm əhəmiyyət verildiyini vurğulayıb. O, ölkəmizin belə bir mötəbər tədbirə ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Qonaq, həmçinin Forumun açılış mərasimində Azərbaycan Prezidentinin çıxışının çox əhəmiyyətli və geniş məzmunlu olduğunu xüsusi qeyd edib.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev Çinin bu tədbirdə yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını Azərbaycana hörmət və dostluq əlaməti kimi qiymətləndirdiyini qonağın diqqətinə çatdırıb.
Azərbaycan-Çin əlaqələrində sürətli artımı məmnunluqla qeyd edən qonaq dövlət başçılarının görüşlərini xatırlayaraq münasibətlərimizin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdığını deyib.
O, Çinin Tayvan regionu ilə əlaqədar Azərbaycanın qətiyyətli mövqeyinə görə cənab İlham Əliyevə təşəkkürünü bildirərək Çinin də Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.
Can Quoçin qeyd edib ki, Çin Azərbaycanın xalqın maraqları əsasında seçdiyi inkişaf yolunu daim dəstəkləyir.
Prezident İlham Əliyev Çinə dövlət səfərini məmnunluqla xatırlayaraq göstərilmiş qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Dövlətimizin başçısı bu səfər zamanı imzalanmış hərtərəfli strateji tərəfdaşlıq sənədinin önəmini qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın vaxtilə separatizmdən əziyyət çəkən ölkə kimi separatizmin bütün forma və təzahürlərini pislədiyini vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, ölkəmiz Çinin Tayvan regionunda keçirilmiş qanunsuz seçkiləri nəinki tanımayıb, hətta onun pislənilməsi bəyanatı ilə çıxış edən yeganə dövlətlərdən biri olub. Prezident İlham Əliyev bu xüsusda vurğulayıb ki, Azərbaycan “vahid Çin” siyasətini daimi olaraq dəstəkləyir.
Söhbət zamanı müxtəlif sahələri əhatə edən Azərbaycan-Çin münasibətlərinin uğurlu inkişafı xüsusi vurğulanıb.
Həmçinin Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əlaqələr qeyd olunub, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi qeyd olunub. Azərbaycanla Çin arasında iqtisadi-ticari əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunaraq siyasi, iqtisadi, tranzit, nəqliyyat, yükdaşımaları, hərbi-texniki tərəfdaşlıq və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.



Rəy yazın