Siyasət
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müstəqil dövlətçiliyimizin formalaşmasında və möhkəmləndirilməsində müstəsna rol oynamış tarixi şəxsiyyətdir. Onun rəhbərliyi ilə Azərbaycanın siyasi, iqtisadi və hüquqi əsasları qurulmuş, müasir dövlət idarəçiliyi prinsipləri formalaşdırılmışdır. Xüsusilə 1995-ci ildə qəbul edilən ilk Konstitusiya ölkəmizdə hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməlini yaratmışdır.
1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ciddi siyasi və iqtisadi çətinliklərlə üz-üzə qalmışdı. Dövlət institutları zəif, hüquqi baza isə demək olar ki, yox səviyyəsində idi. Məhz belə bir mürəkkəb dövrdə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə sabitliyin təmin olunmasını prioritet məsələ kimi müəyyənləşdirdi. Sabitlik isə yalnız güclü hüquqi sistem və qanunun aliliyi ilə mümkündür. Bu baxımdan yeni Konstitusiyanın hazırlanması zəruri idi.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkənin müstəqil inkişaf yolunu müəyyən edən əsas hüquqi sənəd oldu. Bu Konstitusiya dövlət hakimiyyətinin bölgüsü prinsipini təsbit etdi, insan hüquq və azadlıqlarını ali dəyər kimi tanıdı və onların qorunmasını dövlətin əsas vəzifəsi kimi müəyyənləşdirdi. Eyni zamanda, Konstitusiya Azərbaycanın dünyəvi dövlət olduğunu rəsmən bəyan edərək din və dövlət münasibətlərinin hüquqi çərçivəsini dəqiq şəkildə müəyyən etdi.
Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan bu ali qanun hüquqi dövlət quruculuğunun əsas sütunlarını formalaşdırdı. Qanunun aliliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi, vətəndaş cəmiyyətinin inkişafı kimi prinsiplər məhz bu sənəddə öz əksini tapdı. Bunun nəticəsində Azərbaycanda demokratik institutların inkişafı üçün möhkəm zəmin yarandı.
Konstitusiyanın qəbulundan sonra ölkədə geniş hüquqi islahatlara start verildi. Məhkəmə-hüquq sistemi yenidən quruldu, yeni qanunvericilik aktları qəbul edildi və beynəlxalq hüquq normalarına uyğunlaşma prosesi sürətləndirildi. Bu islahatlar Azərbaycanın dünya birliyinə inteqrasiyasını gücləndirdi və ölkənin beynəlxalq nüfuzunu artırdı.
Qeyd etməliyik ki, Heydər Əliyevin siyasi kursu yalnız hüquqi dövlət quruculuğu ilə məhdudlaşmırdı. O, eyni zamanda dünyəvi dövlət modelini inkişaf etdirərək müxtəlif dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini ön plana çəkdi. Bu siyasət Azərbaycanda tolerantlıq mühitinin güclənməsinə və milli birliyin möhkəmlənməsinə xidmət etdi.
Nəticə etibarilə, Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən 1995-ci il Konstitusiyası müstəqil Azərbaycanın hüquqi və dünyəvi dövlət kimi formalaşmasının əsasını qoydu. Bu sənəd bu gün də ölkəmizin inkişaf yolunu müəyyən edən ən mühüm hüquqi baza olaraq qalır və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində əvəzsiz rol oynayır.
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın