Siyasət
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlətin qarşısında duran ən mühüm məsələlərdən biri iqtisadi sabitliyin təmin olunması və ölkənin beynəlxalq iqtisadi sistemə inteqrasiyası idi.
Bu mürəkkəb və taleyüklü mərhələdə məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanın inkişaf strategiyasının əsasını qoydu.
Heydər Əliyevin təşəbbüskarlığı və qətiyyətli mövqeyi sayəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin iqtisadi tarixində böyük dönüş nöqtəsi oldu.
Heydər Əliyevin sayəsində gerçəkləşən “Əsrin müqaviləsi” Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin neft yataqlarının işlənməsi üçün dünyanın aparıcı neft şirkətləri ilə bağlanmış iri beynəlxalq sazişdir.
Bu müqavilə yalnız enerji sektorunda deyil, bütövlükdə Azərbaycan iqtisadiyyatında köklü dəyişikliklərə səbəb oldu.
Bu tarixi müqavilənin imzalanması ilə ölkəyə böyük həcmdə xarici investisiyalar cəlb edildi, yeni texnologiyalar gətirildi və Azərbaycan qlobal enerji bazarında mühüm tərəfdaşa çevrildi.
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən neft strategiyası ölkənin iqtisadi müstəqilliyini möhkəmləndirdi.
Neft gəlirlərinin düzgün idarə olunması məqsədilə Dövlət Neft Fondu yaradıldı ki, bu da gəlirlərin şəffaf və səmərəli şəkildə bölüşdürülməsinə imkan verdi.
Bəli, məhz Ulu Öndər Heydər Əliyevin neft strategiyası sayəsində enerji layihələrinin həyata keçirilməsi nəticəsində yeni iş yerləri açıldı, infrastruktur inkişaf etdi və regionların sosial-iqtisadi vəziyyəti yaxşılaşdı.
“Əsrin müqaviləsi”nin ən mühüm nəticələrindən biri də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması oldu.
Ölkə etibarlı tərəfdaş kimi tanındı və bir çox beynəlxalq layihələrin iştirakçısına çevrildi. Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi layihələr Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarmaqla yanaşı, Azərbaycanın regionda strateji əhəmiyyətini daha da artırdı.
Nəticə etibarilə, Heydər Əliyevin əsasını qoyduğu iqtisadi strategiya müasir Azərbaycanın inkişaf modelinin fundamentini təşkil edir.
Bəli, “Əsrin müqaviləsi” yalnız bir iqtisadi saziş deyil, həm də ölkənin gələcək rifahının təminatına yönəlmiş uzaqgörən siyasi bir addım kimi qiymətləndirilməlidir.
Qeyd etməliyik ki, məhz Ulu Öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycan bu gün regionun ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir.
Beləliklə, Heydər Əliyevin liderliyi və düzgün iqtisadi kursu sayəsində Azərbaycan müstəqilliyini möhkəmləndirmiş, iqtisadi yüksəlişə nail olmuş və beynəlxalq aləmdə öz layiqli yerini tutmuşdur.
Nigar Hacızadə - Kainatpress.tv internet televiziyasının direktoru



Rəy yazın