Siyasət
Hər birimizə çox yaxşı məlumdur ki, Azərbaycan xalqının tarixində müstəsna rola malik olan böyük dövlət xadimi Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində əvəzsiz xidmətlər göstərmişdir.
Danılmaz faktdır ki, Heydər Əliyevin uzaqgörən siyasəti, güclü iradəsi və xalqına olan sonsuz bağlılığı Azərbaycanın çox çətin və mürəkkəb bir dövrdən çıxaraq sabit və inkişaf edən dövlətə çevrilməsində həlledici rol oynamışdır.
AXC-Müsavat hakimiyyətinin, Əbülfəz Elçibəy, Əli Kərimli kimilərinin səriştəsizliyi və yarıtmaz idarəçiliyi nəticəsində Azərbaycan mürəkkəb siyasi, iqtisadi və sosial böhranla üz-üzə qalmış, dövlət idarəçiliyindəki zəiflik, daxili çəkişmələr və xarici təzyiqlər ölkəni parçalanma təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu.
Bəli, məhz belə ağır bir zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev çox qısa zamanda ölkədə sabitliyi bərpa etməyə nail oldu.
Məhz bu səbəbdən də 1993-cü il 15 iyun tarixi Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qeyd olunur və bu gün xalqımızın qurtuluşu və dövlətçiliyimizin xilası ilə bağlıdır.
Bəli, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədə inkişaf dövrü başlandı, dövlət institutları möhkəmləndirildi, qanunçuluq təmin edildi və vətəndaş həmrəyliyi gücləndirildi.
Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası Azərbaycanın iqtisadi inkişafının əsasını qoydu və ölkənin beynəlxalq aləmdə nüfuzunu artırdı.
Məhz Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində gerçəkləşmiş olan “Əsrin müqaviləsi” kimi tanınan böyük layihə ölkəyə xarici sərmayələrin cəlb olunmasına, iqtisadiyyatın dirçəlməsinə və xalqın rifahının yüksəlməsinə səbəb oldu.
Bundan əlavə, Heydər Əliyev müstəqil Azərbaycanın xarici siyasət kursunu müəyyənləşdirərək ölkəmizin dünya birliyinə inteqrasiyasını təmin etdi. Onun balanslaşdırılmış və praqmatik siyasəti sayəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanındı.
Heydər Əliyevin ən böyük xidmətlərindən biri də dövlətçilik ənənələrinin formalaşdırılması və gələcək inkişaf üçün möhkəm təməlin yaradılması olmuşdur ki, bu da danılmazdır.
Xüsusilə qeyd etmək lazımdır ki, Heydər Əliyev hər zaman milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirmiş, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsini vacib hesab etmişdir.
Bu gün müstəqil Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası əsasında möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla irəliləyir.
Heydər Əliyevin siyasi irsi xalqımız üçün əvəzsiz bir məktəbdir və gələcək nəsillər üçün də örnək olaraq qalacaqdır.
Nəticə etibarilə, Heydər Əliyev yalnız bir siyasi lider deyil, həm də Azərbaycan dövlətçiliyinin xilaskarı və qurtuluşunun əsas memarı kimi tarixə həkk olunmuşdur.
Heydər Əliyevin fəaliyyəti və əvəzsiz xidmətləri xalqımız tərəfindən daim yüksək qiymətləndirilir və Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında hər zaman əbədi yaşayacaqdır.
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın