Gündəm
Azərbaycanın enerji resurslarının şaxələndirilməsinə xidmət edən Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verir. Ötən müddətdə bu əvəzolunmaz layihə ölkəmizi mühüm enerji müttəfiqinə və strateji tərəfdaşa çevirib. Təsadüfi deyil ki, Azərbaycan qazını mühüm mənbə kimi səciyyələndirən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini yeni enerji damarı, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihə adlandırıb.
Dövlətimizin başçısı deyib: “Bu layihə, həqiqətən də, uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı”.
Son illər dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platforması mədən yanacağına marağı nə qədər azaltsa da, yaxın perspektivdə təbii qazdan imtina real görünmür. Məlum olduğu kimi, hazırda Avropanın 12 ölkəsi: İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Almaniya, Avstriya və Slovakiya Azərbaycandan qaz alır. Bütövlükdə isə, Azərbaycan Türkiyə və Gürcüstan da daxil olmaqla 16 ölkəyə “mavi yanacaq” ixrac edir. Bununla belə “köhnə qitə”də təbii qaza ciddi ehtiyac duyulduğu indiki şəraitdə bu siyahının daha da genişlənəcəyi şəksizdir. Eyni zamanda, ölkəmizin zəngin qaz ehtiyatları fonunda yeni-yeni yataqların istismara verilməsi Cənub Qaz Dəhlizinin genişləndirilməsinə zərurət yaradır.
Martın 3-də Bakıda öz işinə başlayan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki: “Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”.
Cənab Prezident vurğulayıb ki, “Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verdik. Çünki hamıya yaxşı məlumdur ki, elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”.
Qeyd edilməlidir ki, beynəlxalq toplantıda Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti, bir sıra ölkələrin nazirləri, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələri iştirak ediblər. Məşvərət Şurası çərçivəsində Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya dəyirmi masası keçirilib.
Cənub Qaz Dəhlizinin təməli 2014-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub. “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələri Cənub Qaz Dəhlizinin əsas seqmentləri sayılır. Layihənin ümumi dəyəri 33 milyard ABŞ dolları təşkil edir.
XXI əsrin nəhəng enerji dəhlizinin açılışı isə 2018-ci il mayın 29-da Bakıda baş tutub. Azərbaycan qazının Avropaya ixracına isə 2020-ci il dekabrın 31-də başlanıb. 2021-ci ildə “köhnə qitə”yə ixrac 8,1 milyard kubmetr, 2022-ci ildə 11,4 milyard kubmetr, 2023-cü ildə 12 milyard kubmetr, 2024-cü ildə isə 12,9 milyard kubmetr təşkil edib.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində keçirilən görüşlərdən aydın olur ki, Azərbaycanın "Yaşıl enerji" potensialı gündəlikdə duran əsas məsələdir. Prezident İlham Əliyevin Bakı Konqres Mərkəzindəki çıxışında dediyi kimi, “cari ilin yanvarında regionda indiyədək ən böyük külək elektrik stansiyasının - 240 meqavat gücündə obyektin açılışı olub. Layihə “ACWA Power” tərəfindən maliyyələşdirilib və həyata keçirilib.
Bu, bizim artıq malik olduğumuz potensiala əlavə edilən yeni yaşıl enerji mənbəyidir. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını gözləyirik”.
İclasda bildirilib ki, 2032-ci ilə qədər Azərbaycanda alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə edilməsi gözlənilir ki, bu da xaricə ixrac ediləcəkdir. “Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik” –deyə ölkə başçısı əlavə edib.
Cənub Qaz Dəhlizinin ilk seqmenti olan “Şahdəniz-2” layihəsi Azərbaycan qazını Avropa və Türkiyəyə çatdıran nəhəng enerji layihəsidir. Sözügedən layihə “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasil olunan illik 10 milyard kubmetrdən əlavə daha 16 milyard kubmetr qaz hasilatını nəzərdə tutur. 2006-cı ilin sonlarında istismara verilmiş “Şahdəniz” yatağının ilkin balans ehtiyatı 1 trilyon kubmetrdən artıq təbii qaz və 2 milyard bareldən artıq kondensat həcmində qiymətləndirilib. “Şahdəniz-2” layihəsi Avropa bazarlarının “mavi yanacaq”la təchizatına, bir sıra ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfələr verir.
Cənub Qaz Dəhlizinin yaradılması, ilk növbədə, 2006-cı ilin sonlarında istifadəyə verilmiş Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi zərurətini yaradıb. Bu məqsədlə marşrutun Azərbaycan ərazisindən keçən hissəsində yeni boru kəməri inşa olunub. Bununla da, illik ötürmə qabiliyyəti 7,4 milyard kubmetr təşkil edən Cənubi Qafqaz Boru Kəmərinin gücü 24 milyard kubmetrə çatdırılıb. Gələcəkdə isə lazım gəldiyi təqdirdə kəmərin illik ötürmə qabiliyyəti 34 milyard kubmetrə çatdırıla bilər.
Bu gün Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır. Ölkəmiz Qazaxıstan və Türkmənistan üçün neftin mühüm tranzitini təmin edir və bizim sistem vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Azərbaycan Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındadır və bunun üçün lazımı infrastruktura malikdir.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası



Rəy yazın