Gündəm
Məhəmməd bin Mahmudu-Şirvaninin dövrümüzə qədər gəlib çatan və istər Osmanlı, istərsə də Azərbaycan tibb elmində ən əhəmiyyətli yerdə dayanan əsərlərinin başında göz xəstəliklərindən bəhs edilən “Mürşid” əsəridir. M.Şirvaninin ən iri həcmli əsəri olan “Mürşid” sadəcə Azərbaycan və İslam tibbi deyil, dünya tibb tarixində oftalmologiyaya həsr olunan unikal əsərlərdən biridir. 1438- ci ildə yazılıb bitirilən əsər üç kitabdan (bölüm) ibarətdir.
Əsərin müqəddimə, 6 bab və 27 fəsildən ibarət olan ilk kitabında gözün anatomiya və fiziologiyası, gözə zərərli olan maddələr, gözün sinirləri və damarları, onların quruluşu, görmənin meydana gəlməsi hadisəsi haqqında məlumat verilir. “Mürşid” əsərinin ikinci kitabı 17 bab və 110 fəsildən ibarətdir və burada təxmini olaraq 120–dən çox göz xəstəliyinin adı çəkilməkdədir. Üçüncü kitab 3 bab və 18 fəsildən ibarətdir. Burada göz xəstəliklərində istifadə olunan sadə və mürəkkəb dərmanlardan bəhs olunur.
Əsərdə hər hansı bir göz xəstəliyinə diaqnoz qoyulması üsulları aydın formada izah olunur. Misal üçün gözünün önündə başqa insanların görmədiyi ip, yun, milçək, qara nöqtəyə bənzər qaraltılar görən kimsə “xəyal” və ya “xəyalət” xəstəliyinə tutulmuşdur. Müəllif adı çəkilən xəstəliyin səbəblərini izah edərkən onları iki qrupda – daxili və zahiri olaraq təsnif edir.
Xəstəliyin zahiri səbəbləri çox yorğunluq və ya bir şeyə çox baxmaqdan ibarətdir. Daxili səbəbləri isə həkimlər “zəkayi-hissi-bəşər” adlandırırlar və bu şüanın gözün daxilindəki müxtəlif pərdələr arası ötürülə bilməməsinin nəticəsidir “Mürşid” əsərində göz xəstəliklərinin əlamətləri də olduqca dəqiq formada təsvir olunmuşdur. Məhəmməd bin Mahmudu-Şirvani “Saqiqətül-ayn” adlandırdığı xəstəliyin əlamətini bu cür izah edir. Ağrı gözün ən dərin yerində baş verir. Sanırsan ki, həmin yerə ya bıçaq, ya çuvaldız batır, və ya həmin yeri ilan sancır, bu səbəbdən xəstə gözlərini daim sıxar. Bu hal bəzi xəstələrdə daimi olur, bəzi xəstələrdə arabir olur. Daimi ağrısı olan xəstələrin göz damarlarında xəstəliyin irəlilədiyini göstərir.
Məhəmməd bin Mahmudu-Şirvaninin “Mürşüd” əsərində demək olar ki, bütün xəstəliklərin əlamətləri, diaqnoz qoyma üsulları və müalicəsi haqqında buna bənzər dəqiq məlumatlar əks olunmuşdur və məhz buna görə də İslam tibb tarixində özünəməxsus yeri vardır.
Sadəcə Anadoluda deyil, bütün İslam dünyasında, eləcə də Azərbaycanda türk dilində unikal əsərlər yazmaqla məşhur olan Şərafəddin Sabuncuoğlunun (1386-1470) cərrahiyyə sahəsində üç dəyərli tibbi risaləsi mövcuddur. Müəllifin verdiyi tibbi-cərrahi biliklər sadəcə Anadolu və İslam dünyası üçün deyil, Avropa üçün də əhəmiyyətlidir.
Anadoluda Amasiyada yerləşən darüş-şəfada baş həkimlik edən Ş.Sabuncuoğlunun əsərləri Azərbaycan tibb tarixi üçün əhəmiyyətli olmasının iki səbəbi mövcuddur. Bunlardan birincisi ondan ibarətdir ki, əsər türk dilində, eyni zamanda Azərbaycan Türkcəsinə yaxın bir üslubda yazılmışdır və demək olar ki, əhalisi türkdilli olan Azərbaycanda həkimlərin bu əsərdən istifadə etmə ehtimalı daha yüksəkdir. Əsərdən istifadə ehtimalının ikinci səbəbi ondan ibarətdir ki, İslam dünyasında belə məlumatlardan başqa cərrahiyyə əməliyyatlarının təsvir olunduğu miniatürlərlə məşhur olan əsər bu formada hazırlanmış nadir əlyazmalardandır və heç şübhəsiz ki, Azərbaycanda da istifadə edilmişdir. Təbibin əsil adı Şərafəddin bin Əli bin əl-Hac İlyasdır və Sabuncuoğlu təxəllüsü ona sonradan verilmişdir. Onun harada təhsil aldığı, necə yaşadığı haqqında heç bir məlumata rast gəlinmir.
Sadəcə olaraq əsərlərində onun 14 il Amasiya darüş-şəfasında həkim kimi fəaliyyət göstərməsi, Anadolunun müxtəlif şəhərlərində mövcud olan xəstəxanalardakı fəaliyyəti, xəstələrlə davranması haqqında zəif biliklər əldə etmək olur. Təbib ömrünün son günlərini Bursa şəhərində keçirmişdir. Alim tibbə dair qədim əlyazmaları çox oxuyub və öz müasiri olan həkimləri bu əsərləri oxumamaqda tənqid edirdi.
Şərafəddin Sabuncuoğlunun dövrümüzə qədər cərrahiyyəyə həsr olunmuş iki əsəri gəlib çatmışdır. Onun ən böyük və bu sahədə ən dəyərli əsəri “Cərrahiyyətül-xaniyyə” əsəridir. Əsər 1992-ci ildə İlter Uzer tərəfindən müasir Anadolu türkcəsinə uyğunlaşdırılmışdır. Əsərin iki nüsxəsi – Paris Milli kitabxanasının arxivindəki 212 səhifəlik nüsxə və İstanbul Fateh kitabxanası arxivindəki 199 səhifəlik nüsxəsi əsas əlyazma nüsxələri hesab olunur. Nəsx xətt ilə yazılan və üç fəsil və 191 babdan ibarət olan “Cərrahiyyətül- xaniyyə” əsərinin Paris əlyazma nüsxəsi dövrümüzə qədər yaxşı qorunmuşdur.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda səhiyyənin ən böyük himayədarı Ümummilli Liderimiz Heydər Əliyev olmuşdur və Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin səhiyyə sistemi məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində inkişaf etmişdir.
Aqil Məmmədov - Kainatpress.tv internet televiziyasının bölgə müxbiri



Rəy yazın