Reklam

Akademik Abel MƏHƏRRƏMOV: Azərbaycan tarixinin Heydər Əliyev dövrü

Siyasət

 

Azərbaycan tarixinin Heydər Əliyev dövrü
 
Mən həmişə demişəm, bir daha deyirəm ki, xoşbəxt o xalqdır ki, 5000 müxtəlif xalqın arasında özünə müstəqil dövlət qura bilib, o xalq daha xoşbəxtdir ki, onun ümummilli lideri, istinad nöqtəsi, güvənc yeri var. Amerikalılar üçün Corc Vaşinqton, fransızlar üçün Şarl de Qoll, almanlar üçün Konrad Adenauer, türklər üçün Mustafa Kamal Atatürk kimdirsə, Azərbaycanlılar üçün də Heydər Əliyev məhz həmin şəxsiyyətdir.
Tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin obyektiv qiymətləndirilməsində ən obyektiv istinad yeridir. Bu mənada Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim problemlərin həllinə doğru irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür. Həmin dövrün inkişaf salnaməsini gözlərimiz önündə canlandırsaq, istər-istəməz bu qənaəti bölüşməli olacağıq: Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu əslində 1969-cu ildən etibarən, yəni Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişindən sonra başlanmışdır.
Hər bir müstəqil dövlətin yaranmasına doğru uzanan mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərin mərkəzində lider və şəxsiyyət amili dayanır. Milli inkişaf yolunu müəyyənləşdirən belə liderlər həm də irs-varislik ənənələri formalaşdıraraq böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin edirlər. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev də təkamülə əsaslanan tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını elmi prinsiplər əsasında müəyyənləşdirmişdir. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründən başlayır. 1969-cu ildə Heydər Əliyevin dövlətə rəhbərliyinin ilk günlərindən respublikada böyük bir inkişafın başlandığı göz önündə idi.   Ötən əsrin 60-cı illərinin sonunda SSRİ-nin inzibati ərazi vahidlərindən biri olan Azərbaycanın istər sosial-iqtisadi, istərsə də ictimai-siyasi həyatında təşviş doğuran tam tənəzzül meylləri müşahidə olunmaqda idi. Sovet İttifaqının tərkibinə daxil olan başqa müttəfiq respublikaların diqqəti cəlb edən fasiləsiz inkişafı fonunda Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində geriləmə müşahidə olunur, mənfi meyllər getdikcə daha dərin kök salır, respublikanın iqtisadi potensialının zəifləməsi xalqın milli-mənəvi birliyinə vurulan zərərdən heç də az olmayan təhlükəli miqyas alırdı. Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırladı və dərhal onların icrasına başlandı. Xalq ilk addımlardan Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi. Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı. Bütün ömrünü doğma xalqına həsr etdi.
        Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi. Respublikanın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq oldu. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin etdi. Ulu öndər Heydər Əliyevin qətiyyəti ilə həmin dövrdə həyata keçirilən  tədbirlər sosial-iqtisadi həyatın bütün sahələrinin inkişafına, həmçinin iqtisadi, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji durumuna mənfi təsirinin qarşısının alınmasına gətirib çıxarmışdır. Beləliklə, Azərbaycanın qarşısında tamamilə yeni inkişaf səhifəsi açılır, bu səhifə ölkə tarixinə qızıl hərflərlə yazılırdı. Qətiyyətlə deyə bilərik ki, ölkənin iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin şəkildə inteqrasiya prosesi 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.
Ulu öndər çox gözəl bilirdi ki, respublikanın gələcək inkişafında əsas strateji amil ölkə iqtisadiyyatının tezliklə dirçəldilməsidir. Görülən məqsədyönlü tədbirlər nəticəsində qısa zaman kəsiyində Azərbaycan aqrar ölkədən gündən-günə inkişaf edən sənaye ölkəsinə çevrildi. Belə ki, 1980-ci ildə sənaye məhsulu istehsalının həcmi 1970-ci ilə nisbətən 2,9 dəfəyə qədər artdı. Maşınqayırma sənayesində istehsalın həcmi 5,3 dəfə, kimya və neft-kimya sənayesində 3 dəfədən çox, yeyinti sənayesində isə 4 dəfədən çox artmışdı. Sənayenin struktur quruluşunda maşınqayırma kompleksinin xüsusi çəkisi 1960-cı ildəki 5,1 faizdən 1982-ci ildə 16,4 faizə, kimya və neft-kimya, meşə sənayesi kompleksi müvafiq olaraq 4,1 faizdən 8,7 faizə, tikinti materialları sənaye kompleksi 2,7 faizdən 3,2 faizə, yeyinti sənayesi kompleksi 2 dəfədən çox artdı.
O dövrdə Azərbaycanda müasir texnologiyaya əsaslanan neft sənayesi və neft emalı üzrə yeni-yeni müəssisə və zavodların yaradılması ölkəmizdə bu strateji məhsulun istehsalını və emalını nəzərəçarpacaq dərəcədə artırdı. Məhz o illərdə Xəzər dənizi hesabına Azərbaycanda neft sənayesinin gələcək inkişafını nəzərə alaraq Bakıda unikal bir zavod - dərin dəniz özülləri zavodu tikildi. Ümumiyyətlə, 1969-1982-ci illərdə respublikada müxtəlif təyinatlı 320-yə yaxın sənaye müəssisəsi tikilib istifadəyə verildi.Sənaye ilə yanaşı ölkə iqtisadiyatının əsas hissəsini təşkil edən kənd təsərrüfatı da inkişaf etdirilirdi. Əkinçiliyin ayrı-ayrı sahələri - pambıqçılıq, taxılçılıq, üzümçülük, tütünçülük, bağçılıq, bostan və tərəvəz, eləcə də heyvandarlıq məhsullarının istehsalı 1982-ci ildə 1969-cu illə müqayisədə 2,5 dəfədən çox artmışdı.Respublikanın yol infrastrukturu, nəqliyyat sistemi yenidən quruldu, Yevlax-Balakən, Yevlax-Ağdam-Xankəndi dəmir yolu tikilib istifadəyə verildi. Bakıda yeni-yeni metro stansiyaları inşa olunurdu. Ölkənin sosial sahələri inkişaf etdirilir, əhalinin mənzilə olan tələbatının ödənilməsi istiqamətində geniş layihələr həyata keçirilirdi. 1971-1982-ci illərdə respublikada 18 milyon 293 min kvadratmetr mənzil sahəsi tikilib insanların istifadəsinə verildi. Respublika paytaxtı və digər şəhər və rayon mərkəzlərində müasir şəhərsalma normalarına uyğun yeni parklar, küçə və meydanlar salınır, milli memarlıq xüsusiyyətlərini özündə əks etdirən elm, mədəniyyət, səhiyyə obyektləri, sanatoriya və kurort kompleksləri yaradılırdı. İdmana geniş diqqət yetirilirdi. Dövlət idarələri üçün yeni və müasir tələblərə cavab verən yaraşıqlı inzibati binalar tikilir, respublika paytaxtının mənzərəsi daha da gözəlləşirdi.
 
Ümummilli lider Heydər Əliyev respublikada sosial-iqtisadi inkişafla yanaşı, milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların tarixi ənənələrinə, köklərinə bağlılığını sürətləndirməyə çalışırdı. Müxtəlif tədbirlərdə cəmiyyətə milliləşmənin zəruriliyi çağırışını yayır, milli dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə təlqin edirdi. Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər Azərbaycanda milli özünüdərki gücləndirir, müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açırdı. Ulu öndər sovet ideologiyasının bütün maneələrini yararaq Azərbaycanda milli özünüdərk məsələlərini önə çəkə, repressiya xofundan don vurmuş azərbaycanlı şüurundakı qorxunu aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişə ruhlandırmağı, ona qol-qanad verməyi bacarmışdı. Ümummilli lider Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrləri xatırlayarkən deyirdi: "Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da, sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı".
 
Mən bir amili də qeyd etmək istəyirəm ki, əslində Heydər Əliyev Azərbaycanın gələcəyi naminə siyasi fəaliyyətə hələ 1940-cı illərdən başlamışdır. XX yüzilliyin uzaq 20-30-cu illərində ermənilərin və qeyri - millətlərin antiazərbaycan nümayəndələrinin yuva salmış olduğu və xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş Dövlət Təhlükəsizlik  Komitəsinin  azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə hələ sovet rejiminin ən güclü çağında məhz Heydər Əliyev başlamışdır. Bu gün bütün azərbaycanlılar, o cümlədən xalqımızın hər bir nümayəndəsi aydın dərk etməli və unutmamalıdır ki, daşnaklar xalqımıza qarşı həyata keçirdikləri 1918-ci ilin mart soyqırımından sonra 1920-ci ilin sovet işğalında da yaxından iştirak etdilər. Bolşevik libası geyinmiş daşnaklar bu dəfə xalqımızın ən layiqli övladlarını sovet hakimiyyətinin "qurucuları" cildinə girərək qırdılar. KQB-də (Dövlət Təhlükəsizlik Komitəsində) və NKVD-də (Xalq Daxili İşlər Komissarlığında) əsas mövqeləri ələ keçirdilər. Erməni "çekistləri" uydurma "cinayət işləri" qaldıraraq 1920-30-cu illərdə xalqımıza qarşı kütləvi repressiyalar həyata keçirdilər, neçə-neçə Cavidləri, Müşfiqləri, Əhməd Cavadları, Salman Mümtazları - Azərbaycan xalqının qaymaqlarını məhv etdilər. Bu baxımdan Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsini azərbaycanlılaşdırmaq sahəsindəki xidmətləri Vətən və xalq qarşısında adi xidmətlər deyildi! Başqa sözlə, Heydər Əliyev 1950-1960-cı illərdə qeyrətli və milli əhval-ruhiyyəli Vətən oğullarını Dövlət Təhlükəsizlik Komitəsinə işə cəlb etməklə, əslində, xalqımızın namuslu övladlarına qarşı gözlənilən növbəti təqiblərin qarşısını alırdı. Dahi rəhbər Azərbaycana birinci rəhbərliyi illərində isə xalqımızı, yurdumuzu müstəqil yaşamağa hazırladı...  Yeri gəlmişkən, xalq şairi Bəxtiyar Vahabzadənin mənə danışdığı, sonralar ulu öndər haqqında BDU-nun çəkdiyi  “Dünya şöhrətli məzun” filmində də söylədiyi bir xatirəni yada salmaq istəyirəm. Şair danışırdı ki,”1958-ci ildə “Gülüstan” poeması çap edildikdən sonra mənə qarşı təyziqlər və təqiblər güclənmişdi və doğrusu, hər gün evdən çıxanda ailə üzvlərim ilə sağollaşırdım ki, yəqin axşam evə gəlməyəcəyəm, məni həbs edəcəklər. Çox pis dövr idi, nə etmək olardı?! Ancaq tədrisən bu gərginlik azalmağa başladı, mən səbəbini bilmədən bu təyziqlərdən qurtuldum. Mənə “yuxarılarda” işləyən bir dostum xəlvəti dedi ki, səni “KQB”-də bir güclü əl müdafiə edir. O, kim idi, niyə məni müdafiə edirdi, bilmədim. Yalnız uzun illər keçəndən sonra, 90-cı illərdə öyrənə bildim ki, həmin “güclü əl” Heydər Əliyev imiş”... Belə vətəndaş mövqeyi, öz həyatını, gələcəyini risqə ataraq həmin çətin illərdə milli ideyalara malik olan Azərbaycan ziyalılarını- akademik Ziya Bünyadovu, Xəlil Rza Ulutürkü, Bəxtiyar Vahabzadəni, Anarı və digərlərini milli düşüncələrinə görə təqibdən xilas etmək hər adamın hünəri deyildi. Ancaq  Heydər Əliyev onları nəinki təhlükədən müdafiə etmiş,  hətta onların elmi və bədii yaradıcılığının daha da inkişaf etdirilməsinə, mövqelərinin daha da möhkəmləndirilməsinə münbit zəmin hazırlamış,hər cür şərait yaratmışdır. Sonralar Azərbaycana rəhbərlik etdiyi illərdə respublikada yaradıcı ziyalılar arasında siyasi dissidentlərin olmaması barədə danışarkən Ulu Öndər demişdir: “...Əgər axtarsaydıq, çox dissident çıxarmaq olardı. Amma biz axtarmırdıq. Bu nə deməkdir? Bu o deməkdir ki, həmin dissident sayılanların əsərlərini biz qəlbən qəbul edirdik və onların özünə yol tapması üçün imkanlar yaradırdıq. Beləliklə, həmin müəlliflərə öz həmrəyliyimizi bildirirdik”.
      Mən özümü xoşbəxt insanlardan sayıram ki, Heydər Əliyevi tələbəlikdən tanıyır və gənclərə göstərdiyi qayğının şahidiyəm. Yadımdadır, 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyi keçirilirdi. O zaman mən universitetin kimya fakültəsinin üçüncü kurs tələbəsi idim. Mərasimə əlaçı tələbələr də dəvət edilmişdi. İndiki Şəhriyar klubunda keçirilən tədbirdə unudulmaz Heydər Əliyev Azərbaycan dilində çox dərin məzmunlu nitqlə çıxış etdi. Bu, bizi çox heyrətləndirdi. Çünki həmin vaxtlarda ən kiçik iclaslar belə rus dilində aparılırdı. Məhz Heydər Əliyevin o tədbirdəki çıxışı, mən deyərdim ki, tarixi bir məqam, tarixi bir nitq oldu. Biz ilk dəfə idi ki, ölkə rəhbərinin dilindən Bəhmənyar, Nəsrəddin Tusi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi klassiklərin adını eşidirdik. Heydər Əliyev onların hər biri haqqında maraqlı fikir söyləyirdi. Açığı, Heydər Əliyevin doğma dilimizə, klassiklərimizə bu cür ehtiramla yanaşması bizə çox təsir etdi. Bəlkə də bizdə milli hisslərin, vətəndaş təəssübkeşliyinin oyanıb inkişaf etməsində məhz həmin tarixi görüşün öz yeri var. İndinin özündə də ulu öndər haqqında düşünəndə gözlərim önündə məhz həmin görüş canlanır. Qadağaların hökm sürdüyü bir dövrdə Heydər Əliyevin bu cəsarətli addımı biz gənclərin düzgün istiqamətlənməsində böyük rol oynadı. 
      Ulu öndər milli kadrların yetişdirilməsi işinə də xüsusi qayğı ilə yanaşmış, bu məqsədlə təhsilin səviyyəsinin yüksəldilməsini önə çəkmişdir. O dövrdə milli mütərəqqi fikrin və ictimai düşüncənin başlıca mərkəzi kimi çıxış etməklə flaqman ali məktəb statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas yükü üzərinə götürən Azərbaycan Dövlət Universitetinə diqqət və qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi də daim Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Heydər Əliyev yaxşı bilirdi ki, universitet auditoriyalarında, kafedralarında işləyən, dərs deyən müəllimlər Azərbaycan xalqının mənliyinin, milli şüurunun, milli ruhunun inkişaf etdirilməsi prosesində müstəsna rol oynayırlar. O zaman azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərdə oxumağa göndərilməsi də məhz Heydər Əliyevin təşəbbüsü sayəsində baş tutdu. Bu qayğıdan bəhrələnənlərdən biri də mən oldum. Ulu öndərin köməyi ilə mən Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasına daxil oldum. Həmişə arzusunda olduğum, lakin reallaşmasına inana bilmədiyim bu hadisə mənim həyatımda çox böyük rol oynadı. Yaxşı xatırlayıram ki, Moskvada təhsil aldığımız illərdə ulu öndər bir neçə dəfə bizimlə görüşdü, qayğılarımızla maraqlandı və hər dəfə də vətən üçün ləyaqətli kadrlar olmağı tövsiyə etdi. Heydər Əliyevin bizə göstərdiyi bu diqqət Rusiyada təhsil alan tələbələr üçün çox önəmli oldu. Biz hər bir addımımızda məhz ümummilli liderin məsləhətlərinə əməl etməyi, onun dediyi kimi öyrənməyi, oxumağı, vətənə yüksək ixtisaslı kadr kimi qayıtmağı qarşımıza məqsəd qoymuşduq. Həyat göstərdi ki, Heydər Əliyev necə uzaqgörən və müdrik imiş. Məhz ulu öndərin təşəbbüsü sayəsində xarici ölkələrin ali məktəblərində təhsil alanlar sonralar Azərbaycana qayıdaraq xalqa, millətə ləyaqətlə xidmət etdi. Bu xidmətin isə yüksək səviyyədə olması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki o, hər birimizin həm insan, həm də ixtisaslı kadr kimi formalaşmasında mühüm rol oynadı.
            Ümummilli liderin dövlətçilik fəlsəfəsinə görə elmə, təhsilə göstərdiyi qayğı xalqın xoşbəxt gələcəyinə qoyulan təminatlı sərmayədir. Ötən əsrin 60-cı illərində SSRİ-nin müxtəlif yerlərində oxumaq istəyənlər üçün yalnız 50 yer ayrıldığı halda 80-ci illərin əvvəllərində bu göstərici 1000 nəfəri ötmüşdü. Bu illərdə ulu öndərin qayğı və diqqəti ilə 10 minədək azərbaycanlı gənc respublikamızdan kənarda - keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilmişdir. Məhz həmin dövrdə prioritet istiqamətli ixtisaslara yiyələnmiş yüksək səviyyəli kadrlar bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edirlər. Xüsusi vurğulamaq lazımdır ki, elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə həssas münasibət məsələləri müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə də ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas qayəsini təşkil etmişdir.
       1998-ci ilin 31 avqustunda 1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ümumrespublika toplantısındakı nitqində həmin dövrü xarakterizə edən Heydər Əliyev bir çox məqamlara toxunaraq demişdi: «Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra dərhal birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikamızın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir. Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim. Onların əksəriyyəti azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox millətlərin nümayəndələri vardır. O vaxt mən iki-üç ildən sonra hər il respublikadan kənarda oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum». Ümummilli lider 1982-ci ildən sonra da milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq göstərmiş, yüksək siyasi iradə ortaya qoymuş, mərkəzin yeritdiyi siyasətin ayrı-ayrı çalarları ilə bağlı tənqidi fikirlərini, mülahizələrini söyləmişdir. Heydər Əliyev SSRİ rəhbərliyində yüksək vəzifə tutan zamanlar da doğma vətənini, xalqını unutmamış, hər zaman Azərbaycanın mənafeyini müdafiə etmişdir.  
         1999-cu ilin yanvarında Heydər Əliyevin sərəncamı ilə mən Bakı Dövlət Universitetinə rektor təyin edildim. Sərəncamdan öncə ulu öndərin qəbulunda oldum və bir saata yaxın söhbət etdik. Bu ünsiyyət zamanı ümummilli liderin universiteti yaxından tanıması, burada baş verən proseslərdən ətraflı xəbərdar olması istər-istəməz adamda o təsəvvürü yaradırdı ki, ulu öndərin elə özü də universitetdə çalışır. Çünki universitetlə bağlı hər bir detalı xırdalığına qədər dərindən bilirdi. Məni universitetə rektor göndərərkən təhsil ocağının gələcək inkişaf strategiyası haqqında elə tövsiyələr verdi ki, bu, bir elmi institutun görə biləcəyi işlərdən də çox idi.
       Yadımdadır ki, universitetimizin 80 illik yubileyi ilə bağlı xarici ölkələrdən qonaqlar gəlmişdi. 2000-ci ilin fevral ayında ümummilli lider həmin qonaqları və BDU-nun bir qrup ziyalısını qəbul etdi. Bir daha ulu öndərin elmə, təhsilə olan böyük marağı hətta qonaqlarımızın çalışdığı universitetlər haqqında ətraflı məlumatı beynəlxalq aləmdə, elm və təhsil inteqrasiyaları haqqındakı geniş təsəvvürləri hamını heyrətləndirdi. Görüşdə Avropa, Rusiya, Ukrayna, Qırğızıstan və Türkiyənin aparıcı universitetlərinin rektorları iştirak edirdilər. Mən bir daha qürur duyuram ki, təhsil aldığım bütün ali məktəblərdən öncə Heydər Əliyev məktəbinin məzunuyam. Doğrudan da, onunla hər görüş bir elmi tapıntıya sahib olmaq qədər qiymətli idi. Tarix belə şəxsiyyətləri min ildən bir yaradır. Biz xoşbəxt nəsilik ki, taleyimizə Heydər Əliyevin adı yazılıb.
       Ulu öndərin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində xarici ölkələrə birgə səfərdə olmuşam. 2001-ci ildə EKO-nun İranda keçirilən toplantısında iştirak edirdik. Ulu öndər Heydər Əliyevin beynəlxalq aləmdəki böyük nüfuzunun, geniş intellektual dünyagörüşünün, insanlara qayğıkeşliyinin, diqqətinin şahidi oldum. Qürur duydum ki,tədbirdə iştirak edən digər 9 ölkənin rəhbəri Heydər Əliyevə xüsusi hörmət və ehtiramla yanaşır, ona fərqli bir münasibət, rəğbət göstərirdilər. Sanki, Heydər Əliyev digər prezidentlərdən statusca yüksək idi, hamı hörmətlə onun nə deyəcəyini, hansı addımı atacağını gözləyirdi,yalnız ondan sonra digər prezidentlər də hadisələrə münasibət bildirirdi. Ümumiyyətlə, ulu öndərlə olduğum digər  səfərlərdə də onun  yaddaşına, hadisələri əvvəlcədən hiss etmək fəhminə, insanların daxili aləmini duymaq hissinə, bununla yanaşı, yüksək mədəniyyətinə, nüfuzlu siyasi xadim üçün tələb olunan məziyyətlərinə, həmçinin sadə adamlarla ünsiyyət qurmaq məharətinə, diqqət və qayğıkeşliyinə analoq tapa bilməmişəm. O, böyük bir dərya idi. 
          XX yüzilliyin 60-cı illərinin sonunda Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni, daha geniş, çoxsahəli, qaynar fəaliyyət dövrü başlandı. 1969-cu ildə - Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan KP MK-nın Birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı. Ulu Öndər hakimiyyətə gəldikdən sonra respublikada milli ruhun inkişafına, milli mənlik şüurunun və milli qürurun yüksəlişinə xidmət edən möhtəşəm tədbirlər həyata keçirilmiş, Azərbaycan keçmiş SSRİ-nin qabaqcıl, inkişaf etmiş respublikalarından birinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyev canlı məktəb, canlı klassika, tarixin canlı örnəyi idi. Dəmir məntiqi, parlaq zəkası, iti mühakimə qabiliyyəti, fitri istedad sayılacaq fenomenal yaddaşı, möhkəm xarakteri, ən çıxılmaz vəziyyətlərdən, mürəkkəb situasiyalardan çıxmaq bacarığı onu hamıdan fərqləndirirdi. O, anadangəlmə lider, misilsiz təşkilatçı, mükəmməl və universal şəxsiyyət idi. İctimai həyatın elə aparıcı sahəsi yox idi ki, ulu öndər ona dair ən zəruri biliklərə malik olmasın. Böyük iqtisadçı kimi ölkənin sosial-iqtisadi həyatının bütün sahələri məhz onun kursu əsasında inkişaf edirdi...
Böyük siyasətçi iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı KP MK Siyasi Bürosu, MK plenumları, Kommunist Partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək onun planlarının başında gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gedən yolunu hələ o zaman Heydər Əliyev başlamışdı. Həmin dövrün inkişaf salnaməsini gözlərimiz önündə canlandırsaq, istər-istəməz bu qənaəti bölüşməli olacağıq: Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu əslində 1969-cu ildən etibarən, yəni Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişindən sonra başlanmışdır. Məhz bu mərhələdən Azərbaycan cəmiyyəti Heydər Əliyevin göstərdiyi səylər nəticəsində yeni inkişaf parametrləri qazanaraq özünün daha dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. Həmin dövrdən başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları ölkənin həyatının başlıca gerçəkliyinə, inkişafın təməl daşına çevrilmişdir.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri dəf edərək sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən beş xüsusi qərar qəbul etməsinə nail oldu. Nəticədə 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə bütün varlığı ərzində ən parlaq quruculuq dövrü kimi daxil oldu. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sayəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqelərə çıxdı. İstehsal olunan məhsulların keyfiyyət göstəricisi əvvəlki dövrlərlə müqayisə olunmayacaq dərəcədə yüksəldi.
Dahi dövlət xadimi Heydər Əliyev kommunist rejiminin hökmranlığı dövründə doğma xalqına qarşı baş vermiş haqsızlıqlar əleyhinə özündən başqa heç kəsin apara bilməyəcəyi mübarizəni apardı, Kreml rejiminin ağır təqibləri şəraitində xalqının çəkdiyi əzablara cavab olaraq, Azərbaycanın gələcəyi naminə olduqca uzaqgörən və çox cəsarətli addımlar atdı. Vətənin bütün guşələrində Azərbaycanın haqqı tapdalanmış böyük şəxsiyyətlərinin heykəllərinin ucaldılmasına nail oldu, repressiya qurbanı olmuş Hüseyn Cavidin nəşini Vətənə qaytardı, Kerçdə, Krımda həlak olmuş minlərlə azərbaycanlının şərəfinə Sapun Qora yaxınlığında abidə ucaltdırdı... Məhz bu dövrdə - Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə, ilk dəfə olaraq, Azərbaycanın görkəmli sənət adamlarının böyük bir qrupuna - şairlərimizə, yazıçılarımıza, bəstəkarlarımıza Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi də təkzibolunmaz tarixi faktdır.
Azərbaycanın ictimai-siyasi həyatındakı böhran xalqın mənəvi-psixoloji durumuna da mənfi təsir göstərirdi, respublika rəhbərliyində kosmopolit əhval-ruhiyyə hökm sürürdü. Milli kadrların hazırlanması, milli dilin düşünülmüş şəkildə inkişafı və onun tətbiqi, eləcə də tədqiq sahəsinin genişləndirilməsi, dövlət orqanlarında milli kadr potensialının artırılması istiqamətində heç bir ciddi addım atılmırdı. Siyasi amorfluq, təfəkkürdə və dövlətin idarə edilməsində durğunluq halları milli mənlik şüuruna, milli təfəkkürə və mentalitetə malik olan kadrlar yetişdirilməsinə ciddi əngəl idi. Lakin bu əngəllər xalqımızın böyük oğlu Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə aradan qalxdı.
Azərbaycanın taleyini öz taleyinə çevirdi, həyatını bu xalqın, bu ölkənin yolunda şam kimi əritdi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gətirib çıxaran keşməkeşli və uzun mübarizə tarixinin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlaması ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri ilə bağlıdır. Məhz Heydər Əliyev dühası Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini keçən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur. Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Heydər Əliyev ölkədə milli ruhun və azərbaycançılığın kommunizm ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını alaraq onun dirçəldilməsi istiqamətində mövcud imkanlardan maksimum dərəcədə istifadə etmişdir. Məhz buna görədir ki, XX yüzillikdə azərbaycançılığın ən parlaq səhifələrinin 1969-cu ildən etibarən yazılması qənaəti birmənalı şəkildə qəbul edilən reallıqdır. Ulu öndər xalqın tarixi yaddaşının özünə qaytarılması kimi ideoloji təməl prinsipləri əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, millətin qəlbində illərdən bəri sıxışdırılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin formalaşdırmışdır. 
 
Həmin dövrdə qarşıya qoyulmuş bu məqsədlərə nail olmaq üçün Azərbaycanın iqtisadi potensialının artırılmasının, onun SSRİ məkanında birincilər cərgəsinə çıxarılmasının vacibliyini əvvəlcədən görən Heydər Əliyev ölkədə genişmiqyaslı dəyişikliklərə start vermişdir. Eyni zamanda, iqtisadi və sosial sahələrdə dərin struktur islahatları aparmış, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaratmışdır. Heydər Əliyev yaxşı bilirdi ki, iqtisadi cəhətdən azad olmayan millətin siyasi müstəqilliyindən söhbət gedə bilməz. Məhz Heydər Əliyevin səyi ilə SSRİ hökuməti Azərbaycanla əlaqədar hərtərəfli yüksəlişi və intensiv inkişafı nəzərdə tutan mühüm qərarlar qəbul etmişdir. O dövrdə Azərbaycan xalqı üçün, sözün əsl mənasında, tarixi əhəmiyyət daşıyan bu mühüm qərarlar 70-80-ci illər arasında və daha sonrakı perspektivdə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələləri müəyyənləşdirmişdir.
 
Ulu öndər Heydər Əliyevin respublika rəhbəri kimi ilk günlərdən başlayaraq diqqət yetirdiyi məsələlər təkcə iqtisadi potensialın artırılması ilə məhdudlaşmırdı. Bu dövrdə dahi rəhbər milli dilin inkişaf etdirilməsinə, dövlət müəssisələri də daxil olmaqla ictimai-siyasi həyatda geniş istifadəsinə ciddi fikir verirdi. 1978-ci ildə qəbul edilmiş Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Heydər Əliyevin müdrikliyinin və dahiyanə uzaqgörənliyinin parlaq nümunəsi idi.
Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və mübarizəsi nəticəsində Azərbaycan dilinin dövlət dili olması haqqında müddəa Azərbaycanın 1978-ci il Konstitusiyasında birmənalı göstərildi. Konstitusiyanın 73-cü maddəsində "Azərbaycanın dövlət dili Azərbaycan dilidir" müddəası təsbit edildi. Ulu öndər Heydər Əliyev çox sonralar - 1995-ci il oktyabrın 31-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında demişdi: "...Bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur... Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz Konstitusiyamıza yazmalıyıq və yazacağıq".
           Ulu öndər Heydər Əliyev həmin dövrdə dövlət idarəetmə strukturlarında, xüsusən də yüksək vəzifələrdə çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirir, bununla əlaqədar konkret addımlar atırdı. SSRİ-nin digər zorən müttəfiq dövlətlərində olduğu kimi, Azərbaycanda da kosmopolit əhval-ruhiyyə hökm sürdüyündən, milli kadrların hazırlanması arxa plana keçmişdi. Bu mənfi tendensiyaya da məhz Heydər Əliyev hakimiyyətinin ilk dövrlərindən etibarən son qoymuşdu. Milli şüura malik olan, milli düşüncə ilə yaşayan, milli mentalitetin daşıyıcısı sayılan gənc kadrların yetişdirilməsinə və onların idarəçiliyə cəlb edilməsinə start verilmişdi. Heydər Əliyevin Azərbaycana rəhbər təyin edildiyi 1969-cu il SSRİ-nin özü üçün gərgin bir dövr idi. Cəmi bir il əvvəl Çexoslovakiyada məşhur "Praqa baharı" yaşanmışdı. Gərginlik odunu ənənəvi olaraq qanla səngitmək üçün sovet tankları bu ölkəyə daxil olmuşdu. Kreml eyni vəziyyətin əvvəl-axır 15 müttəfiq ölkədə də yaşanacağından əndişələnirdi. Çünki imperiyanın daha çox xammal mənbəyi kimi baxdığı Azərbaycan kimi milli respublikalarda, vəziyyət o qədər də ürəkaçan deyildi. Cəmiyyətin sosial-iqtisadi həyatının bütün sahələrində geriləmələr müşahidə edilirdi. Bunun müqabilində mərkəzdənqaçma təzahürü ilə nəticələnə biləcək milli əhval-ruhiyyənin yaranması təhlükəsi güclənirdi. hazırladığını, bir neçə ildən sonra ölkənin öz istiqlalını elan etməsi planına hazırlıq gördüyünü iddia etmək tarixin kobud təhrifi olardı. Məsələ burasındadır ki, Heydər Əliyev ömrünün gənclik çağlarından inandığı Kommunist partiyasına da heç zaman xəyanət yolu tutmamışdı. Əsl ideya adamı kimi bu siyasi ideologiyaya sədaqət hissini də onun çöküşünü görənə qədər qorumuşdu. Heydər Əliyev 1969-cu ildə Sovet Azərbaycanının rəhbəri seçiləndə respublikada vəziyyət çox ağır idi. Zəngin təbii və insani resursları olan Azərbaycan Sovet İttifaqının xammal bazasına çevrilmişdi, iqtisadiyyat getdikcə zəifləyir, ümumi inkişaf ləngiyirdi. İqtisadi potensialın insan kapitalına çevrilməsi göstəricilərinə, təhsilin, səhiyyənin səviyyəsinə, əhalinin sosial vəziyyətinə görə Azərbaycan hətta təbii ehtiyatları olmayan qonşu respublikalardan da geridə qalırdı. Səbəblər ölkə rəhbərliyinə də, respublika əhalisinə də bəlli idi: həddindən artıq zəif və səriştəsiz olan respublika rəhbərliyi tabeçiliyində olan orqanlara nəzarət edə bilmirdi, müxtəlif qruplaşmalar iqtisadi və sosial sahələri ələ keçirmişdi, korrupsiya və özbaşınalıq baş alıb gedirdi. Nəticədə iqtisadi göstəricilər sürətlə aşağı düşür və paralel olaraq sosial vəziyyət pisləşirdi. Belə bir zamanda, nisbətən gənc olsa da, sarsılmaz iradəsi və siyasi uzaqgörənliyi ilə seçilən, ən əsası isə millət və vətən təəssübü çəkən Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi, sözün əsl mənasında, xalqın və Azərbaycanın qisməti idi. Heydər Əliyev dövlət təhlükəsizliyi orqanlarından gəlmişdi, böyük idarəçilik və dövlətçilik məktəbi keçmişdi. O, əsl peşəkar kimi öz işi - respublika rəhbərliyi ilə birbaşa bağlı olan siyasi məsələləri, dövlət idarəçiliyini, kadrların seçilməsi və yerləşdirilməsi prinsiplərini gözəl bilirdi.
 
Heydər Əliyev müdrik siyasət, yorulmaz təşkilatçılıq, sarsılmaz qətiyyət nümayiş etdirərək respublikanın mövcud imkanlardan və İttifaq büdcəsindən maksimum yararlanmasını təşkil etdi, Azərbaycanın iqtisadiyyatında qısa müddətdə köklü dəyişikliklərin əldə olunmasına nail oldu. Respublikanın sənaye və kənd təsərrüfatında, təhsildə, səhiyyədə və mədəniyyətdə, ümumiyyətlə, ictimai həyatın bütün sahələrində sürətli inkişaf mərhələsi başlandı. Ümummilli lider respublikanın iqtisadiyyatını inkişaf etdirməklə bərabər, cəmiyyətdə də bir saflığın, düzgünlüyün mübarizəsinə qalxmışdı. Həmin dövrdə epidemiya kimi bütün İttifaqa yayılmış bürokratiya və rüşvətxorluğa qarşı Azərbaycanda, sözün əsl mənasında, müharibə elan olunmuşdu. Heydər Əliyev problemlərdən qaçmırdı, onların üstünə getməyə, çıxış yolları axtarmağa və həllinə nail olmağa üstünlük verirdi. Sovet dövründə yazılmamış qaydalar vardı, qeyri-slavyan, xüsusilə müsəlman əhalisi olan respublikalarda sənayenin strateji sahələrinin inkişafına maneələr yaradılır, həmin respublikaların təhsil sistemi strateji təyinatlı ixtisaslardan kənarda qalırdı. Heydər Əliyev isə siyasi iradə və diplomatik məharət nümayiş etdirərək Azərbaycanda bu məsələlərin həllinə, zamanın və məkanın verdiyi imkan dərəcəsində nail olmuşdu. Məsələn, həmin dövrdə Ukraynada inşası planlaşdırılan İttifaq əhəmiyyətli "Kondisioner" zavodunun tikintisi Azərbaycana verilmiş, strateji obyekt Bakıda tikilmişdi. Bu, respublika büdcəsinə ünvanlanan milyonlarla manat vəsait, paytaxt əhalisi üçün minlərlə iş yeri demək idi. Ümummilli lider sonralar öz xatirələrində bu layihənin necə böyük çətinlik və zəhmət bahasına həyata keçirdiyini qeyd etmişdi.
       
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər İkinci Dünya savaşını qələbə ilə başa vurmuş SSRİ-nin öz yetmiş illik tarixindəki ən güclü, dünyanı hərbə-zorba dili ilə qorxutduğu vaxtları idi. Ona görə də SSRİ-nin cəmi bir neçə ildən sonra param-parça olacağını, milli respublikaların müstəqillik əldə edəcəklərini o dövrdə heç kim xəyal edə bilməzdi. Azərbaycanın sosial-iqtisadi yüksəlişinin təmin olunması, milli ruhun oyanışı, milli kadr potensialının formalaşması yönündə işlərə isə Heydər Əliyev o illərdə ona görə o qədər böyük əzmlə zəhmət sərf edirdi ki, bunların tarixin bütün dövrlərində Azərbaycana lazım olduğunu, lazım olacağını fərq edirdi.
Heydər Əliyev onda da hesab edirdi ki, azərbaycanlılar dünyanın ən yaxşı yaşayan xalqlarından biri olmalıdırlar. Onda da düşünürdü ki, Azərbaycanın sözü, səsi ədəbi incilərimizin, milli musiqi sərvətimizin işığında dünyanı dolaşmalıdır. Yer üzündə Azərbaycan adlı bir dövlətin, bir xalqın varlığından hər kəs xəbər tutmalıdır. Azərbaycan xalqı zamanın ən böyük elm adamlarını, şair və yazıçılarını, rəssamlarını, musiqi xadimlərini, müəllimlərini, həkimlərini, mühəndislərini yetirməlidir. Azərbaycanlılar sırasından ən peşəkar hərbçilər çıxmalıdır, azərbaycanlı gənclər hərbçiliyi də gələcək sənət arzusuna çevirməlidirlər. Azərbaycan balaları o illərin imkanları çərçivəsində SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almalıdırlar.
Azərbaycanın ictimai fikir tarixində böyük rolu olmuş insanların xatirəsi uca tutulmalıdır, milli-mənəvi dəyərlər göz bəbəyi kimi qorunmalıdır. Azərbaycan dili hər bir azərbaycanlının təfəkkür dili olmalıdır. Ən gözəl memarlıq abidələri Azərbaycanda ucaldılmalıdır. Ən xoş, ən rahat həyat Azərbaycanda olmalıdır. İnsanlar Azərbaycanda yaşamalarından zövq almalıdırlar, burada həyat yaşamaq üçün bir dəyərə çevrilməlidir.
İndi bütün bunların adını millətçilik və ya nə istəyiriksə qoya bilərik, amma reallıq budur ki, Heydər Əliyevin zaman-zaman gerçəkləşdirdiyi bu arzularda sovet ideologiyasının ümumi prinsiplərinə zidd heç nə yox idi. Heydər Əliyevin böyüklüyü onda idi ki, o, bütün bunların, sadəcə, kağızlarda, gurultulu manifestlərdə öz əksini tapmış utopik arzular deyil, gerçək olması, ən azı Azərbaycan boyda məkan hüdudunda reallığa çevrilməsi üçün gecə-gündüz çalışırdı və buna zərrə-zərrə nail olurdu.
O, həmin illərdə gördüyü işlərlə cəmiyyət qarşısında Azərbaycan xalqının tarix və mədəniyyətinin dərin qatlarını açdı, bu da insanlarda öz millətinə böyük qürur hissi yaratdı, milli özünüdərk meyarını yüksəltdi. Heydər Əliyev Azərbaycan insanlarının nəzərində dövlətin onlara xidmət edən, onların qulluğunda dayanan, hər bir çətinliklərində onların yanında olan, öz vətəndaşlarının səsini eşidib harayına yetişən bir təsisat obrazını formalaşdırdı.
Azərbaycanın rəhbəri vəzifəsinə Heydər Əliyev kimi bacarıqlı və inanılmış kadrın təyin olunması bu təmayüllərin aradan qaldırılması məqsədindən irəli gəlirdi. Amma Heydər Əliyev özünün böyük dövlətçilik məharəti və müdrikliyi sayəsində bu missiyaya tamam başqa istiqamət verdi. O, həmin illərdə Azərbaycan cəmiyyətində müşahidə edilən gərginliklərin, əslində, millətçilikdən deyil, korrupsiyadan, haqq-ədalət meyarlarının itməsindən, dəyərlərin aşınmasından irəli gəldiyinə Kremli inandırdı.
Faktiki olaraq, millətçiliyə qarşı mübarizə missiyasını korrupsiyaya, ədalətsizliyə qarşı mübarizə missiyasına çevirdi. Milli ruhun oyanışına təkan verdi, bu prosesin insanlara ziyan gətirməyəcək, onları repressiyalarla üz-üzə qoymayacaq bir tərzdə, daha böyük faydalarla müşayiət olunacaq bir şəkildə aram-aram inkişafını təmin etdi.
Beləliklə, 51 il bundan qabaq- 1969-cu il iyulun 14-dən Azərbaycan tarixinin Heydər Əliyev dövrü başlandı. Elə bir dövrü ki, sovet quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan bütün məhdudiyyətləri və çatışmazlıqları ilə bərabər, respublikanın sosial, iqtisadi və mədəni inkişafında əvvəllər görünməyən sıçrayışlarla, ən başlıcası isə xalqın mənəvi intibahı, oyanış proseslərinin dərinləşməsi, milli özünüdərkin kütləvi şəkildə oyanması ilə xarakterizə olunurdu. Azərbaycan 1969-cu ildə SSRİ-nin geridə qalmış, xammal bazası idisə, 1982-ci ildə Heydər Əliyev Moskvaya, yüksək dövlət vəzifəsinə gedəndə inkişaf etmiş, özü-özünü dolandırmaq səviyyəsinə yüksəlmişdi. Heydər Əliyevin birinci rəhbərliyi dövründə Azərbaycanda çox güclü iqtisadi, elmi-texniki potensial yaradılmışdı və müstəqillik əldə olunduqdan sonra Azərbaycan dövləti məhz bu iqtisadi bazisin üzərində quruldu.
Bu nöqteyi-nəzərdən ulu öndər Heydər Əliyev 40 illik siyasi fəaliyyəti dövründə üzləşdiyi bütün çətinlikləri, maneələri, problemləri, hətta uğursuzluqları mətinliklə dəf edən, məğlubiyyət sözünü yaxına buraxmayan, inamlı qərarları ilə milyonlarla insanın taleyində müstəsna rol oynayan millət fədaisi, sərkərdə və lider kimi xatırlanır. Tam cəsarətlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin hələ sağlığında əfsanəvi və xarizmatik şəxsiyyətə çevrilməsində onun millətinin mənafeyi naminə həyatını hər cür riskə atması, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət və prinsipiallıq göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Məhz bu bütöv və prinsipial xarakteri sayəsində ulu öndər harada olursa-olsun, hadisələrin fövqünə qalxıb, idarəçilik qabiliyyətini reallaşdıra bilmiş, lider imicini qorumuşdur. Xalqa layiqli rəhbərlik missiyası onun xarakterindən, dünyagörüşündən, yaradıcılıq enerjisindən, qurub-yaratmaq həvəsindən bəhrələnmişdir.
Antik yunan filosofu Demokrit yazırdı ki, siyasət insanları inandırmaq, müəyyən məqsədlər naminə səfərbər etmək, onların şüuruna təsir göstərmək vasitəsidir. Şəxsiyyətcə bütöv, milli və mütərəqqi olmayan liderlərin cəmiyyətin konsolidasiyası prosesinə nüfuz və təsir imkanlarından danışmaq da mümkün deyildir. Siyasi liderin etimad qazanmaq üçün seçdiyi vasitə nə qədər dürüst və saf olarsa, xalqın həmin şəxsiyyətə inamı da bir o qədər güclü olar.  Bəşər tarixinə öz möhürünü vurmuş fenomenal liderlər ilk növbədə toplum üçün cəlbedici və real görünən mütərəqqi ideyalarla öz cəmiyyətlərinin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail ola bilmişlər. 
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi və istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik də respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən birinə çevrilmişdir. Siyasi liderin gücü və qüdrəti onun elan etdiyi məqsəd və vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi ilə deyil, ilk növbədə qarşıya qoyduğu vəzifələri real həyatda tətbiq imkanları ilə ölçülür. Ulu öndər Heydər Əliyev də təcrübəli dövlət xadimi və hakimiyyət ustadı olaraq Azərbaycan xalqının milli mentaliteti və dünyagörüşü ilə uzlaşan, reallığa adekvat olan milli inkişaf strategiyası seçmiş, iqtisadi modernləşməyə və siyasi liberallaşmaya xidmət edən çoxşaxəli islahatlar həyata keçirmişdir. 
Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası – ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin idarəçiliyinin ikinci mərhələsində də qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından, demokratizmindən qaynaqlanmışdır. Heydər Əliyev gücün siyasətinə qarşı qanunun gücünü qoyaraq “Haqlı həmişə güclüdür” düsturundan çıxış etmiş, hakimiyyətin daim hər bir fərdin maraq və mənafeyini uca tutmasına çalışmışdır.
Ulu öndərin müəllifliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiya Azərbaycanın unitar, demokratik və dünyəvi dövlət imicini təsbit etmiş, vətəndaş cəmiyyətinə, insan hüquq və azadlıqlarının prioritetliyinə əsaslanan islahatların əsasına çevrilmişdir. Məhz bu mərhələdən hüquq-mühafizə, məhkəmə sistemində mütərəqqi islahatların həyata keçirilməsinə başlanmış, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Respublikada əfvetmə institutunun bərpası, ölüm hökmü üzərində moratoriumun qoyulması, 1998-ci ildə bu hökmün birdəfəlik ləğv olunması, İnsan hüquqları üzrə Müvəkkil İnstitutunun (Ombudstan) yaradılması, hüquq-mühafizə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması - bütün bunlar məhz Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrilmişdir. Eyni zamanda Heydər Əliyev respublikamızın Avratlantik məkana sürətli inteqrasiyasına çalışmış, bu məqsədlə müxtəlif demokratik institutlarla, o cümlədən ATƏT, Avropa Şurası, Avropa Birliyi və s. təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur. Heydər Əliyev öz siyasətçi qüdrəti, xarizmatik liderlik keyfiyyətləri, yüksək idarəçilik qabiliyyəti, diplomatik məharəti ilə çoxdan Azərbaycan hüdudlarını adlamış, böyük siyasətə gəldiyi gündən dünya miqyasını əhatə etmişdi. Ümummilli liderin böyüklüyü həm də onun bütün idarəçiliyi boyu azərbaycanlı olmasını unutmamasında, xalqın milli mənlik şüurunu, özünüdərk hissinin, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Heydər Əliyevin bütün ömrü  elə Azərbaycan üçün yaşanmışdı - bu xarüqüladə şəxsiyyət bütün həyatını Azərbaycanı və azərbaycançılığı dünyaya tanıtmağa sərf etmişdi. Ulu öndər hər zaman və hər yerdə Azərbaycan üçün çalışır, həyatının ən böyük qayəsini milliliyin, həmrəyliyin qorunub saxlanılmasında görürdü. “İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”.
Ulu öndərin böyük müdrikliklə söylədiyi bu fikirlər bir daha sübut edir ki, Azərbaycan xalqının çox böyük çətinliklər bahasına əldə etdiyi müstəqilliyi qoruyub saxlamaq əzmi və bu tarixi nailiyyətin daimiliyini təmin etmək arzusu onun gələcəyə doğru inamla addımlamasına və dünya birliyində, sözün həqiqi mənasında, öz layiqli yerini tutmasına imkan vermişdir. Şübhəsiz, indiyə qədər Azərbaycanın bir dövlət olaraq bütün sahələrdə qazandığı uğurların hər biri böyük ictimai-siyasi xadim, tarixi şəxsiyyət, dünya siyasətinin ən parlaq simalarından biri olan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin Azərbaycanda milli dövlətçilik ideologiyasının yaradılması, suveren dövlət təsisatlarının formalaşdırılması və xalqımızın tarixi yaddaşının bərpası istiqamətində göstərdiyi xidmətlər indi bütün dünya tərəfindən təqdir olunur. Müstəqil Azərbaycan yeni minilliyin başlanğıcında ulu öndər, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin ideyalarının ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu gələcəyinə doğru inamla irəliləyir, bu yolda qarşılaşdığı müxtəlif maneələrə, çətinliklərə sinə gərir. 2003-cü ilin 15 oktyabrından ölkəyə inamla rəhbərlik edən Prezident İlham Əliyev ötən müddətdə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli islahatları uğurla davam etdirmiş, onun vəsiyyətini həyata keçirərək torpaqlarımızı düşmən tapdağından azad etmiş, respublikamız iqtisadi sahədə keçid dövrünü başa vuraraq modernləşmə mərhələsinə qədəm qoymuşdur. 
Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurlar bir daha sübut edir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu və Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin ideyalarını və qurub-yaratdıqlarını yaşadır, eyni zamanda, bu işləri müasir dövrün tələblərinə, xalqın maraqlarına uyğun yeni formada təkmilləşdirir və daha da inkişaf etdirir. Bütün qeyd edilənləri ümumiləşdirərək məqalənin əvvəlində dediyim fikri bir qədər başqa formada təkrar etmək istəyirəm:”O xalq daha da xoşbəxtdir ki, onun ümummillil liderinin müəyyənləşdirdiyi yol uğurla davam etdirilir.”
 
 
 
 Abel MƏHƏRRƏMOV
 akademik 
 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.