Reklam

PROFESSOR MİSİR MƏRDANOV: Qurtuluşun başlanğıcı

Gündəm

 

Azərbaycan xalqı öz tarixi boyu dəfələrlə ağır sınaqlarla qarşılaşmışdır. Amma bəlkə də ən çətin və taleyüklü dövr, 1993-cü ilin iyununda yaşadığımız siyasi və hərbi böhran idi. Bu, sadəcə bir daxili qarışıqlıq deyildi – bu, dövlətçiliyimizin sınağa çəkildiyi, xalqın gələcək taleyinin həlledildiyi bir zaman idi. O vaxt ölkəmiz ağır siyasi parçalanma və hərbi təlatümlə üz-üzə qalmışdı. Qarabağ cəbhəsində davam edən müharibədə məğlubiyyətlər bir-birini əvəz edirdi. Kəlbəcərin işğalı xalqın dözümünü tükəndirmişdi. Dövlət aparatında sabitlik yox idi. Gəncədə baş vermiş silahlı qiyam mərkəzi hakimiyyətin nəzarət imkanlarını faktiki olaraq sıfırlamışdı. Vətəndaş müharibəsi qapımızı döyürdü.
Bir çox həlledici qərarları demokratiya adı altında humanizm və “yazıqdır” prinsipləri əsasında quran iqtidarın ciddi problemlərlə üz-üzə qalarkən məcbur olub atdığı sərt addımları bəzən çox kobud alınırdı və nəticəsi gözlənilməz olurdu. Belə səhvlərdən biri də Surət Hüseynovla bağlı idi. Yevlax rayonunun yunun ilkin emalı fabrikinin  direktoru olan, sonralar məlum olduğuna görə xarici ölkələrin kəşfiyyat orqanları tərəfindən fəaliyyətə cəlb edilən bu adama dərindən bələd olmamış müharibəyə ayırdığı yardımları, xərclədiyi “çirkli pulları” və digər görünən “xidmətləri” nəzərə alınaraq birdən-birə Baş nazirin müavini, Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, Ali Sovetin (Milli Məclisin) deputatı, Azərbaycan ordusunun korpus komandiri, polkovnik, Azərbaycanın Milli Qəhrəmanı kimi yüksək vəzifələr, rütbələr və səlahiyyətlər verilir. Əvvəlki dövrlərdə müəyyən qədər “gözə kül üfürən” uğurlar olsa da, 1993-cü ilin yanvar-fevral aylarında artıq hakimiyyətə gəlmək arzusunda olan Surət Hüseynovun komandirlik etdiyi 2-ci ordu korpusu Ağdərə istiqamətində uğursuz əməliyyatlar həyata keçirir və nəticədə bir çox ərazilər, texnika ermənilərin əlinə keçir.
Yaxşı xatırlayıram, 1993-cü il fevralın sonları idi. Cəbhədəki uğursuzluqlar bir-birini əvəz etdiyinə  görə bütün xalqımız kimi biz də çox məyus idik. Mən o zaman BDU-nun prorektoru vəzifəsində çalışırdım. Bir gün rektor professor Firudin Səməndərov iclasda elan etdi ki, cəbhəyə gedib həm vəziyyətlə tanış  olmaq, həm də çərşənbə bayramı ilə əlaqədar əsgərlərə pay aparmağa getmək istəyir. Prorektor olduğuma görə mənə icazə  vermədi, sabahı günü üç nəfər (özü, professor Seyfəddin Qəndilov, dosent İbrahim Zeynalov) universitetin köhnə “RAF” markalı mikroavtobusuna minib cəbhə bölgəsinə yola düşdülər. Gələndən sonra məni otağına dəvət edib təəssüralarını danışdi, çox həyəcanlı şəkildə dedi ki, ay Misir müəllim, mən gedib gözlərimlə görməsəydim inanmazdım, ancaq bilin ki, məhv olmuşuq. Soruşdum ki, axı nə olub? Dedi ki, Gəncədən bizi ön cəbhəyə-Əsgərana (indiki Ağdərəyə), hörmət əlaməti olaraq rəhbərliklə görüşmək üçün hərbi korpusun qərargahına apardılar. Komandirin otağında bərk səs-küy var idi, ora daxil olanda gördük ki, İsgəndər Həmidov, Surət Hüseynov və Nəcməddin Sadıxov bir-birini qırırlar. Bir-birlərinə hər sözü, hər söyüşü deyib cəbhədəki planları müzakirə edirdilər. Hərəsi ayrı təklif verirdi, hərəsinin ağzından bir avaz  gəlirdi, bir-birini nə eşidirdilər, nə eşitmək istəyirdilər. Hər biri öz dediyini yeritmək istəyirdi, o birilər də qəbul etmirdilər. Bizə də heç əhəmiyyət vermədilər, yarım saata yaxın orada olduq, söyüşdən, hikkədən, qışqırıqdan başqa heç nə eşitmədik. Çıxıb gəldik. Mənim ağlım heç nə kəsmir. Belə rəhbərliklə biz torpaqları da uduzacağıq, hər şeyi də...”
Bunları danışa-danışa Firudin müəllim kövrəldi, “hayıf  gözəl Qarabağdan, ancaq bu məsələ Qarabağla bitməyəcək, belə adamlar rəhbərlik edəcəklərsə, erməni gəlib Gəncəni də alacaq, hələ bəlkə Bakını da”, dedi. Tarix göstərdi ki, bu müdrik insan düz deyirmiş, ermənilər qısa müddətdə Kəlbəcəri, Zəngilanı, Cəbrayıl və digər ərazilərimizi işğal etdi, Gəncə və Bakıya isə ultimatumlar verilməyə başladı. Əgər Heydər Əliyev gəlməsəydi...
Yeri  gəlmişkən, şahidi olduğum iki xatirəni qeyd etmək istəyirəm. 1993-cü il iyunun əvvəllərində M.V.Lomonosov adına Moskva Dövlət Universitetində keçirilən Avroasiya Universitetləri Assosiasiyanın qurultayında iştirak etmək üçün  BDU-nun prorektoru kimi mən və Beynəlxalq əlaqələr üzrə prorektor Niftalı Yusifov Moskvaya getmişdik. Qurultaydan sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə getdik, nümayəndəliyin  o vaxtkı rəhbəri Hikmət Hacızadə ilə görüşdük. Oraya xeyli adam toplaşmışdı, onlar Azərbaycanda baş vermiş hadisələri və siyasi durumu qızğın müzakirə edirdilər. Məlum oldu ki,  Surət Hüseynov Gəncədə qiyam edib, nəticədə qardaş qırğını baş verib,qan tökülüb. Sabahı günü geri qayıdanda aeroportda gördük ki, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini Tamerlan Qarayev və sabiq müdafiə naziri Rəhim Qazıyev maşından düşdülər, bizim təyyarəyə mindilər, keçib biznes klassda oturdular. Belə gərgin bir siyasi vəziyyətdə onlar Moskvada nə edirdilər, nə üçün Bakıda deyildilər, deyə bilmərəm, ancaq hiss etdim ki, kefləri çox kökdür,  elə bil siyasi durumun onların xeyrinə olduğunu bilirdilər.
Bakıya qayıdandan sonra, iyunun 6-sı, ya 7-si olardı, BDU-da Elmi Şuranın iclasını keçirdik. O dövrdə siyasi durum çox gərgin idi,hərə də bir söz danışırdı. Ölkədə həmin hadisələrə müxtəlif qiymətlər verilirdi, biri deyirdi təşkil olunub, biri deyirdi Surət prezident olacaq, ona görə bu hadisəyə qiyam yox, başqa ad vermək lazımdır və s.  Ancaq universitetdə qərara almışdıq ki, Gəncə hadisələrini qiyam kimi dəyərləndirək. Belə də oldu. Alimlərimiz çıxış edib bu hadisəyə münasibət bildirdilər, təklif oldu ki, qiyam kimi qiymətləndirilsin. Deyim ki, həmin dövrdə BDU ölkədə yeganə qurum idi ki, belə bir qərar qəbul etmişdi. Biz həmin iclasda daha bir qərar qəbul etdik ki, universitetin bir qrup ağbirçək qadını qarşıdurmanın qarşısını almaq üçün Nəvaiyə yola düşsün. Yaxşı xatırlayıram, BDU-nun çox hörmətli və mərd, cəsarətli xanımlarından ibarət bir qrup Cəmilə Təhmasib, Fatma Ələsgərova, Sara İbrahimova  və başqaları Nəvaiyə yola düşdülər, deyim ki, bu səfərin də özünəməxsus rolu və əhəmiyyəti oldu.
Belə bir qarışıq vəziyyətdə başını itirən Prezident Əbülfəz Elçibəy çıxış yolu tapa bilmir, qan tökülməsinin qarşısını almaq, problemi danışıqlar yolu ilə həll etmək üçün iyunun 5-də Gəncə ətrafında yerləşdirilən bütün hərbi birləşmələrin hərəkətinin dayandırılması barədə əmr verir. Bundan hiddətlənən Surət Hüseynovun paytaxta hücuma keçən hərbi birləşmələri Bakıdan 90 km məsafədə olan Nəvai qəsəbəsinə qədər gəlib çatırlar və Prezidentin istefasını tələb edirlər. Hərbi qiyam və vətəndaş qarşıdurması ölkənin varlığına təhdid yaradır və Əbülfəz Elçibəy vəziyyətdən yeganə çıxış yolu kimi Heydər Əliyevi Bakıya dəvət etməkdə görür.
Həmin günlərdə ölkədəki siyasi xaos və anarxiya burulğanında yaranmış şəraitdən istifadə edən «Sadval» hərəkatı və həmin dövrdə mövcud olmuş digər etnik-hərbi qruplaşmalar dövlətçilik əleyhinə təxribatçı fəaliyyətlərini genişləndirirdilər. Cənubda qondarma «Talış Muğan Respublikası»nın yaradılmasına dair məsələ   qaldırması da məhz ölkədəki hakimiyyətsizliyin, xaos və anarxiyanın, qanunsuzluğun bariz təcəssümü idi.
Milli Məclis iyunun 9-da qiyamçıların Gəncədə törətdikləri cinayətlərə görə məsuliyyətdən azad olunmaları barədə qərar qəbul edir. Gəncə hadisələrinin araşdırılması üçün deputat-istintaq komissiyası yaradılır.
Lakin Surət Hüseynov və onun dəstəsi bu qərarla kifayətlənmir və ağır zirehli texnika, raket qurğuları və çoxsaylı şəxslərdən ibarət qiyamçılar Bakıya istiqamətləndirilir.
Bu təhlükəli şəraitdə Azərbaycan xalqının gözü, ümidləri və duası yalnız onun adının ətrafında cəmləşmişdi. Amma gəlin tarixi obyektiv baxışla xatırlayaq. Heydər Əliyev o vaxt Naxçıvanda idi. O, Muxtar Respublikanın Ali Məclisinin sədri kimi fəaliyyət göstərir, Azərbaycanı bütöv saxlamaq uğrunda çalışırdı. Onun Bakıya gəlməsi üçün xalq tərəfindən çağırışlar edilir, ziyalılar, ictimai-siyasi xadimlər, hətta iqtidar dairələrinin özləri ona üz tuturdular. Ancaq Heydər Əliyev bu müraciətlərə ilk anda tərəddüdlə cavab verdi. Çünki o, məsuliyyətin böyüklüyünü anlayırdı. Bilirdi ki, bu addım təkcə fiziki bir gəliş deyil – bu, taleyüklü bir qərardır. O, anlayırdı ki, xalqın iradəsi olmadan, ümummilli razılıq olmadan Bakıya gəlmək nəinki problemi həll etməz, əksinə, böhranı daha da dərinləşdirə bilər. Onun üçün xalqın iradəsi hər şeydən üstün idi. Nəhayət, xalqın səsi o qədər ucaldı ki, bu dəvət artıq danılmaz oldu.
Və o gün gəldi: 1993-cü il iyunun 9-u – Heydər Əliyev Naxçıvandan Bakıya gəldi! Bu təkcə təyyarənin enişi deyildi. Bu, millətin ümidinin yerə enməsi, Azərbaycanın gələcəyinin yenidən üfüqdə görünməsi idi. Bu gəlişlə xalqın ruhu dirçəldi, parçalanmaqda olan dövlət bir nəfərin iradəsi ətrafında yenidən toparlandı.
O, Bakıya ayaq basdığı andan etibarən hadisələrə nəzarəti öz əlinə aldı. Qısa müddət sonra – iyunun 15-də – Milli Məclisin sədri seçildi. Və həmin tarix bu gün bizim Milli Qurtuluş Günümüzdür.
Əgər Heydər Əliyev o zaman Bakıya gəlməkdən imtina etsəydi, əgər o tarixi məsuliyyətdən boyun qaçırsaydı, bu gün müstəqil Azərbaycan dövləti bəlkə də xəyal olaraq qalardı. O, şəxsi istəklərini deyil, xalqın taleyini seçdi. O, təhlükəyə yox, xalqın taleyinə  baxdı. O, öz xalqının lideri olduğunu sübut etdi!
Bu gün biz müstəqil, güclü, dünyada öz sözünü deyən Azərbaycanı görürüksə, bu Heydər Əliyevin 1993-cü ilin iyununda göstərdiyi qətiyyətin, iradənin və xalqına olan məhəbbətin nəticəsidir. Onun gəlişi ilə Azərbaycan yalnız xilas olmadı – Azərbaycan yenidən doğuldu.
 
 Professor Misir Mərdanov.

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.